Şəhid övladı olan aksiya iştirakçısı Toğrul Qocayevə 30 sutka həbs cəzası verilib


Prezident Adminstrasiyasının qarşısında etiraz edən şəhid ailələrinin üzvlərindən aksiyanın təşkilatçısı Toğrul Qocayevə 30 sutka həbs cəzası verilib.

7gun.org xəbər verir ki, bu haqda AnTV.az-a T.Qocayevin anası Mələk Qocayeva məlumat verib.
Qeyd edək ki, dekabrın 11-də Bakıda Şəhid ailələrinin 100-ə yaxın nümayəndəsi yenidən Azərbaycan Respubılikasınını Prezident Administrasiyasının qarşısına toplaşaraq, etiraz aksiyasi keçiriblər. Polislə etirazçılar arasında qarşıdurma baş verib. Etirazçı qadınlardan biri təzyiqlər nəticəsində huşunu itirib. Əraziyə Təcili Yardım Xidməti və polis əməkdaşları çağırılıb.

Aksiyaya səbəb aktiv hərbi əməliyyatlar gedən dövrdə (1992-1994-cü illərdə) ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan şəxslərin ailə üzvlərinə dövlət icbari sığorta pulunun verilməməsidir. Onlar dayanmadan “Şəhidlərin haqqı yeyilməz!” şüarını səsləndirirlər.
Şəhid ailələri bundan öncə də Parlamentin, Prezident Administrasiyasının və “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar doğmalarının ölümünə görə ayrılan kompensasiyanı ala bilmədiklərindən şikayətlənirlər.

Xatırladaq ki, 2018-ci ilin aprelində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 1991-97-ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda üzvləri həlak olmuş şəhid ailələrinə 11000 AZN birdəfəlik müavinət verilməsi barədə sərəncam imzalayıb. Sərəncam təxminən 9 minə yaxın şəhid ailəsini əhatə edir və oktyabr ayından müavinətlərin ödənişinə başlanılıb.