"Düşünmürəm ki, Azərbaycan hökuməti götürdükləri öhdəlikləri yerinə yetirsin"-Nigar Həzi


Avropa İnsan Hüquqları məhkəməsi dekabrın 6-da “Azadlıq” qəzetinin siyasi şərhçisi Seymur Həzinin Azərbaycana qarşı şikayətini təmin edib.

Məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq) maddəsinin pozuntusunu tanıyıb. Qərara əsasən Azərbaycan hökuməti Həziyə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödəməlidir. Jurnalistin Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci (Hüquqlarla bağlı məhduduiyyətlərdən istifadənin hədləri) maddəsinin pozuntusunun tanınmasına gəldikdə isə məhkəmə araşdırmağa əsas görməyib.

Seymur Həzinin həyat yoldaşı Nigar Həzi Amerikanın Səsinə müsahibəsində məhkəmənin qərarını şərh edib.

– Nigar xanım, bu gün Avropa İnsan Hüquqları Məhkəməsi həyat yoldaşınız, jurnalist Seymur Həzinin şikayəti üzrə qərarını elan edib. Bu qərardan razısınızmı, ədalətli hesab edirsinizmi?

– Bildiyiniz kimi Seymur Həzinin işi üzrə komunikasiya mərhələsi 1 ildən artıq idi ki, bitmişdi. Ancaq qərar indi elan olundu. Düşünürəm ki, bu qərar tam olmasa da, qismən ədalətlidir. Gec də olsa, bu qərara görə razıyıq.

– Sizcə, Azərbaycan hökuməti bu qərarı icra edəcəkmi?

– Düşünürəm ki, Azərbaycan hökuməti bu qərarı anında icra etməyəcək. Azərbaycan hökuməti üzərinə götürdüyü öhdəliklərə görə qərarı dərhal icra etməlidir. Ancaq biz praktikadan görürük ki, bir çox siyasi məhbuslarla bağlı belə qərarlar olub. Ancaq çox təəssüflər olsun ki, heç biri icra olunmayıb. Elan olunduğu andan xeyli müddətdən sonra icra olunub. Eyni hal Seymur Həzi üçün də keçərlidir. Qərarın bu gün elan olunmasına baxmayaraq yəqin ki, onun icrası bir xeyli vaxt alacaq. Seymur Həziyə verilmiş 5 il həbsin, artıq sonuncu ilidir və həbsdən çıxmasına çox az müddət qalıb. Bilmirəm onadək qərar icra ediləcək, ya edilməyəcək, amma mən həmin müddətə qədər qərarın icrasını gözləmirəm.

– Ümumiyyətlə Avropa Məhkəməsinin qərarları Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə necə təsir edir?

– Təssüflər olsun ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları Azərbaycanda heç bir müsbət dəyişikliyə gətirib çıxarmır. Baxmayaraq ki, bizim ölkənin götürdüyü bir çox öhdəliklər vari, heç birinə əməl olunmur. Təəssüflər olsun ki, Avropa ölkələrindən də qərarların icrası ciddi təzyiqlər yoxdur. İsrarla tələb olunmur. Ən israrlı məsələ azadlığı tələb olunan siyasətçilərdən biri İlqar Məmmədov idi ki, onun da icrası çox gec oldu. Düşünmürəm ki, Azərbaycan hökuməti götürdükləri öhdəlikləri yerinə yetirsin. Vəziyyət gündən-günə pisləşir. Hətta siyasi fəaliyyətlə məşğul olan bir çox insanlar barədə Avropa Məhkəməsinin qərarlarında göstərilən kompensasiyaların vaxtı keçməsinə baxmayaraq belə ödənilmir.