'Qisas, yoxsa xidmət?'' - “Burada mənəm, Bağdadda kor xəlifə”


Azərbaycanda siyasi hakimiyyətin fəaliyyətini kölgə altında saxlayan bəzi məmurlar "özfəaliyyətlərində" davamlı məşğul olduqları çirkin əməllərini tərgitmək bilmirlər.

Bununla əlaqədar ötən sayımızda bildirmişdik ki, rayon sakinlərinə ayrılan müavinətin 7 ayı mənimsənilib, yalnız 3 ayın pulu ödənilib. Halhazırda isə bu cür haqsızlığa dözməyən yerli camaat arasında böyük narazılıq yaranıb. Bundan sonra ƏƏSMM-nin rəhbərliyi tərəfindən, vəzifə sahibi olan Qoşun Heydərovun ərizəsi alınaraq işdən kənarlaşdırılıb. Bu olay 2014-cü ildə baş versə də, gözəgörünməz qüvvələr tərəfindən əhalinin narazılığına səbəb olaraq işdən çıxarılan qalmaqallı məmur 2015-ci ildə Ağstafa rayonunun Maliyyə idarəsinə təəssüf ki, yenidən rəis təyin olunur.

7gun.org xəbər verir ki, mötəbər mənbələrdən "Gündəm Xəbər"ə daxil olan məlumata görə, Qoşun Heydərov kabinet baxımından da standartlardan kənara çıxıb. Belə ki, o kabinetindəki əyləşdiyi ərazini teatrlardakı səhnələrə bənzədərək, hündürə qaldırıb. Yəni qəbuluna gələn vətəndaşlar, rəisin üzünə baxmaq üçün, gərək aşağıdan yuxarı baxsınlar. Belə bir məlumatın ictimailəşməsinə baxmayaraq Samir Şərifov dediyini elədi və qalmaqallı məmur imicini qazanmış Qoşun Heydərovu qovulduğu Şəmkir rayonunun Maliyyə İdarəsinə rəis müavini də olsa təyin etməyə müvəffəq oldu.

Redaksiyamıza məlumat verən Şəmkir sakinləri bildirdi ki, Ağstafa rayonunda maliyyə problemlərinə və eyni zamanda bir çox nöqsanlara da yol vermiş Qoşun Heydərov Maliyyə naziri Samir Şərifovun xeyr-duası ilə yenidən Şəmkir rayonunun Maliyyə İdarəsinə rəis müavini vəzifəsinə təyin olunub. Artıq bu məsələdən xəbər tutan yerli sakinlər narahat olmağa başlayıblar .

Bölgədəki mənbəmizin redaksiyamıza verdiyi məlumata görə, əhali arasında belə bir söz-söhbətlər də gəzir ki, yerli camaat yenidən üsyana qalxa bilər. Belə olan halda sual olunur ki, Maliyyə naziri Samir Şərifov hansı maraqlar əsasında Şəmkirdə üsyana səbəb olacaq addımlar atır...?

Ölkə başçısı İlham Əliyev cənabları dəfələrlə çıxışında bildirib ki, “məmurlar xalqa xidmət etməlidir və insanlarda narazılıq yaratmamalıdır”. Ancaq buna baxmayaraq, şəmkirlilərin narazılığına səbəb olmuş və yerli sakinlərin haqlı etirazına görə, vəzifə daşıdığı rayondan kənarlaşdırılan məmur yenidən qəbul olunmadığı rayona gətirilir. Elə burada ataların məhşur deyiminə istinad etmək yerinə düşür. Atalar sözündə qeyd olunur ki, “Burada mənəm Bağdadda kor xəlifə”. Bundan öncə də müavin vəzifəsinə təyin olunan Qoşun Heydərov qeyd etmişdi ki, "mətbuatın nə yazmasından asılı olmayaraq, mən arxamda dayanan yüksək vəzifə sahibinə güvənirəm və Şəmkirə gəlməkdə israrlıyam". Onu da qeyd edib ki, "şəmkirlilər mənə heç nə edə bilməz. Çünki, mənim arxa-dayağım güclüdür". Əsas maraq kəsb edən məsələlərdən biri və birincisi odur ki, Ağıstafa kimi strateji bir rayonda Maliyyə Idarəsinin müdiri vəzifəsində çalışan bir şəxsi, Şəmkir rayon Maliyyə Idarəsinin müdir müavini vəzifəsinə gətrilməsidir. Vəzifəsinin aşağı enməsinə razı olub, Şəmkirə gəlməsinə qisas almaqdan başqa ad qoymaq mümkün deyil. Əlbəttə ki, bölgələrdə olan “xırda padişahlar” siyasi hakimiyyətin tövsiyələrini qulaq ardına vuraraq, öz bildiklərini çəkinmədən həyata keçirirlər. Hərhalda onu deyə bilərik ki, cənab prezidentin, “məmurlar yerli sakinlərin xidmətində olmalıdır” deyiminə əhəmiyyət verməyən nazir Samir Şərifov öz bildiyini etməklə yanaşı, ölkə başçısı İlham Əliyevin kadr siyasətinin əleyhinə getməkdən belə çəkinmir.

Şəmkir sakinləri redaksiyamız vasitəsilə Azərbaycan Prezidentinə səslənərək bildirirlər: ''Cənab Prezident, Maliyyə naziri Samir Şərifovun atdığı bu qərəzli addımın adı nədir? Qisas, yoxsa xidmət?''