AXCP-nin həbsdə olan üzvünün aclığa başladığı deyilir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Əlizamin Salayevin oktyabrın 30-dan aclıq aksiyasına başladığı bildirilir. 7GÜN XƏBƏR xəbər verir ki, bu haqda onun həyat yoldaşı Səidə Salayeva "Turan"a deyib.
AXCP fəalı COP29 iqlim konfransı ərəfəsində siyasi məhbusları azad etmək çağırışlarına siyasi hakimiyyətin etinasız yanaşmasına etiraz olaraq aclıq edir.
S.Salayeva həyat yoldaşının ürəyində, qaraciyərində problemlər yarandığından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldüyünü söyləyib: "Onun təngənəfəsliyi var, ayaqları şişib, o, çətinliklə hərəkət edir".
"Azadlıq” qəzetinin Facebook hesabında da Zamin Salayevin AXCP rəhbərliyinə əl yazısı ilə yazdığı məktubun surəti paylaşılıb.
O, məktubda aclıq etməsinin səbəblərini izah edib.
Zamin Salayev 2023-cü il fevralın 7-də "xuliqanlıq, silah qismində istifadə olunan əşyadan istifadə ilə törədildikdə" ittihamı ilə həbs edilib.
Dörd il müddətinə azadlıqdan məhrum edilən AXCP fəalı ittihamı rədd edib, siyasi fəaliyyətinə görə həbs edildiyini bildirib və 114 gün aclıq edib.
Tarix: 01.11.2024