Həbsdə aclıq edən Famil Xəlilovun ayaqları tutulub
İstintaq Təcridxanasında 77 gündür aclıq edən ictimai fəal, I qrup əlil Famil Xəlilovun ayaqları tutulub. "O, hərəkət edə bilmir. 36 kiloqram çəki itirib". 7GÜN XƏBƏR xəbər verir ki, bu barədə "Amerikanın Səsi" radiosuna onun həyat yoldaşı Kiçikxanım Xəlilova oktyabrın 29-da 1 saylı Bakı İstintaq Təcridxanasının Sanitar-Tibb hissəsində saxlanılan fəala baş çəkdikdən sonra bildirib.
Onun sözlərinə görə, Famil mədəsində və başında kəskin ağrılardan əziyyət çəkir. Bununla yanaşı, o, aclığı sonadək davam etdirəcəyini bildirib.
Vəkil Bəhruz Bayramov bildirib ki, Famil Xəlilovun işi üzrə məhkəmə COP29-dan sonraya - noyabrın 28-nə qədər təxirə salınıb.
Fəal Famil Xəlilov "qanunsuz həbsinə" etiraz olaraq avqustun 15-dən aclıq aksiyasına başladığını elan edib.
Bu il mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.
Avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Proses dəfələrlə təxirə salınıb.
Famil Xəlilov serebral iflicdən əziyyət çəkir, qolları iflicdir. Sosial şəbəkələrdə postlarını ayaq barmaqları ilə yazırdı.
Tarix: 28.10.2024