Taleh Xasməmmədov niyə aclıq aksiyası keçirir?


Hazırda Şəki İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Taleh Xasməmmədov artıq 8 gündür aclıq edir. Onun aclıq etdiyini təcridxana rəhbərliyi qeydə alıb.

7GÜN XƏBƏR xəbər verir ki, bu barədə mayın 24-də telefon danışığından sonra hüquq müdafiəçisinin anası Gülbuta Xasməmmədova Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, oğlu qanunsuz həbsinə, dözülməz ağrılarına baxmayaraq müalicə edilməməsinə etiraz edir.

“Oğlum artıq 8 gündür aclıq edir. Səhhəti yaxşı deyil. Buna baxmayaraq ona həkim nəzarəti yoxdur, 6 nəfər üçün nəzərdə tutulmuş kamerada 15 nəfərlə birgə saxlanılır. Talehin belində çox sayda yırtıqlar var, sinir sıxılmasından əziyyət çəkir. Onun həbsdə qalması ölməsi deməkdir. Ağrıları nəzərə alınaraq ev dustaqlığına buraxılması və ya Bakıda Penitensiar Xidmətin müalicə müəssisəinə köçürülməsini istəyirik. Çünki Şəkidə onun müalicəsini təşkil etmək mümkün deyil”, ana qeyd edib.

Xasməmmədov ötən il sentyabrın 17-də Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (Xuliqanlıq- silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) ittiham irəli sürülüb.

Hüquq müdafiəçisi iki nəfəri döyməkdə ittiham olunur.

Hüquq müdafə təşkilatları Xasməmmədovu siyasi məhbus kimi tanıyıb.

Hüquq müdafiəçiləri onun həbsinin sosial şəbəkələrdə vəzifəli şəxsləri kəskin tənqidləri ilə bağlı olduğunu güman edir.

“Taleh heç vaxt heç kimlə dava etməyib. Bunu Talehi tanıyan hər kəs təsdiq edə bilər. Hesab edirəm ki, bu bir oyundu, bu bir qurmadır”, ana qeyd edib.

Gülbuta Xasməmmədovanın sözlərinə görə, artıq 8 aydır Ucar Rayon Məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə Taleh Xasməmmədovun məhkəməsi davam edir. Növbəti məhkəmə iclası mayın 29-da olacaq.

Penitensir Xidmət hüquq müdafiəçisinin aclıq aksiyası ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Taleh Xasməmmədov bundan öncə də hədə-qorxu ilə tələbetmə və xuliqanlıq ittihamlıarı ilə 2011 və 2015-ci illərdə həbs edilib. Hər iki dəfə ölkə prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.