Famil Xəlilov quru aclığa keçib
1 saylı Bakı İstintaq Təcridxanasının sanitariya hissəsində saxlanılan iflic, birinci qrup əlil olan fəal Famil Xəlilov oktyabrın 2-dən etibarən quru aclığa keçib.7GÜN XƏBƏR Turan-a istinadən xəbər verir ki, o, əsassız cinayət təqibinə etiraz əlaməti olaraq 53 gündür aclıq edir.
"Famillə oktyabrın 3-də görüşdük. Mədəsindəki xəstəliklə əlaqədar o, artıq su da içə bilmirdi. Buna görə oktyabrın 2-dən etibarən o, quru aclığa keçib. Onun vəziyyəti ağırdır, temperaturu yüksəkdir. Famil çox zəifdir", deyə fəalın həyat yoldaşı Turan-a bildirib.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Mayın 2-də saxlanılan Xəlilova qarşı CM-in 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik vasitənin hazırlanması, daşınması, saxlanması) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 ay azadlıqdan məhrumetmə qətimkan tədbiri seçilib. Bu maddə üzrə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur. Lakin əsl səbəb onun sosial şəbəkələrdə hökuməti tənqid etməsidir.
Hazırda onun işinə məhkəmədə baxılır. Məhkəmənin növbəti iclası oktyabrın 24-nə təyin edilib.