Həbsdəki jurnalistin həyat yoldaşı aksiya keçirib


Həbsdə olan, hər iki gözü kor tutulma təhlükəsi yaşayan jurnalist Əvəz Zeynallıya 6 saylı cəzaçəkmə müəssisəsində heç bir yardım edilmir, o tibbi müayinədən məhrum edilib.

7GÜN XƏBƏR xəbər ki, bu barədə həyat yoldaşı, jurnalist Məlahət Zeynallı "Arqument.az"a danışıb. 

Onun sözlərinə görə, Əvəz Zeynallı 3 gündür ki, qidalanmadan imtina edib. 

Məlahət Zeynallı bu gün, sentyabrın 12-də 6 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında etiraz aksiyası keçirib.

" 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi aksiyadan sonra məni qəbul etdi. Eyni zamanda, Əvəz Zeynallı ilə də görüşdüm. Bizə söz verdilər ki, bütün tibbi yardımlar göstəriləcək. Amma bilmirəm, edəcəklər, ya yox, hər halda söz verdilər", - deyə Məlahət Zeynallı qeyd edib. 

O, Əvəz Zeynallının həbsini qanunsuz sayaraq deyib ki, hazırda həbsxanada saxlanılması jurnalistin səhhətini daha da pisləşdirir.  

Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-da həbs olunub. 

Ona qarşı ilk ittiham "Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun həyat yoldaşından 20 min manat alınmasıyla bağlı olsa da, sonradan yeni ittihamlar da irəli sürülüb.

O, rüşvət alma, vəzifəli şəxsin qərarlarına təsir göstərmə kimi əməllərdə də təqsirli bilinib.

2024-cü il fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Əvəz Zeynallı 9 il azadlıqdan məhrum edilib.

Lakin o, özünü təqsirli bilmir, susdurulması üçün siyasi sifarişlə həbs olunduğunu deyir.