Məhkəmə Əvəz Zeynallı ilə bağlı vəsatətləri təmin etmədi-prosesdə qalmaqal
7GÜN TV "Turan" agentliyinə istinadən xəbər verir ki, aprelin 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Xural.tv saytının rəhbəri Əvəz Zeynallının işi üzrə prosesdə ittiham aktı oxunub.İclasın əvvəlində müdafiə tərəfi Zeynallının səhhəti ilə əlaqədar ev dustaqlığına köçürülməsi haqqında vəsatət qaldırıb. Onun təcili əməliyyat olunması zərurəti haqqında tibbi sənədlər təqdim edilib.
Məhkəmə vəsatəti təmin etməyib, amma Zeynallıya bildirilib ki, ona zəruri tibbi yardımın göstərilməsi üçün Penitensiar Xidmətə məktub göndəriləcək.
Daha sonra prokuror ittiham aktını oxumağa başlayıb, amma Zeynallı etiraz edərək, prokurorun dediklərinin yalan olduğunu bildirib. Zalda olanlar onu dəstəkləyiblər, səs-küy yaranıb və hakim iclası qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib.
"Xural TV" MMC-nin təsisçisi Əvəz Zeynallı və "Səda TV" MMC-nin rəhbəri Elnur Şükürovun işi üzrə hazırlıq iclası martın 27-də keçirilib.
Baş Prokurorluq Zeynallıya qarşı CM-in 178.2.1 (dələduzluq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (dəfələrlə rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.4 (hədə-qorxu yolu ilə rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələri ilə, Şükürova qarşı 178.2.1, 32.4, 312.2, 312-1.1 və digər maddələrlə iş açıb.
Zeynallı və Şükürov 2022-ci ilin sentyabrında həbs olunub. Dekabrın 29-da Zeynallının həbs müddəti 3 ay uzadılıb.