Jurnalist Əvəz Zeynallının görmə qabiliyyəti zəifləməkdə davam edir
“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının hər iki gözündə cərrahi əməliyyat keçirilməsinə baxmayaraq görmə qabiliyyəti zəifləməkdə davam edir. Həkimlər hesab edir ki, onun gözündəki problem böyükdür və görmə qabiliyyətini itirə bilər.
7GÜN XƏBƏR xəbər verir ki, bu barədə vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə deyib.
Vəkilin dediyinə görə, jurnalistin humanitar qaydada həbsdən azad edilməsi üçün müdafiə tərəfi məhkəməyə müraciət etmək fikrindədir.
Vəkil Əvəz Zeynallı ilə bağlı apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verildiyini də bildirib.
Bu il fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallını 9 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə Əvəz Zeynallını Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) maddələrilə təqsirli bilib.
Jurnalist ittihamları qəbul etmir və özünü təqsirkar bilmir. Zeynallı məhkəmədə bildirib ki, o, sifarişlə həbs edilib və məqsəd onu susdurmaqdır.
"Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallı 2023-cü il sentyabrın 9-da həbs edilib.
Bir çox beynəlxalq qurumlar, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və Avropa Şurasının İnsan Haqları üzrə Kommissarı Zeynallının dərhal azadlığa buraxılmasına çağırıb.