Jurnalistin qəzetlə bağlı məhkəmə çəkişməsi davam edir
Sentyabrın 11-də Bakı Apellyasiya Məhkəməsində Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalının "İki sahil"qəzetinə qarşı şikayətinə baxılıb.7GÜN XƏBƏR xəbər verir ki, apellyasiya şikayəti Babalının bu nəşrə qarşı iddiasını təmin etməyən Xətai məhkəməsinin 13 may tarixli qərarında verilib.
İddia qəzetin 28 dekabr 2023-cü il tarixli materialında Babalının ünvanına əsassız ittihamlar və böhtan ilə əlaqədar verilib.
Əsasən qəzet yazıb ki, "Hafiz Babalı xarici fondlarla əlaqə qurub, araşdırmalar aparıb və onların sifarişi ilə məqalələr hazırlayıb".
Jurnalistin iddiasında deyilir ki, Babalının araşdırmaları onun jurnalist fəaliyyətinin bir hissəsi olub, xarici donorların sifarişi olmayıb. Bundan əlavə, dərc olunmuş məqalələrlə bağlı heç kim iddia qaldırmayıb, bu məqalələrdəki məlumatlar isə heç bir inzibati orqan tərəfindən təkzib edilməyib və məhkəmədə mübahisələndirilməyib.
Lakin Apellyasiya Məhkəməsi obyektiv araşdırma aparmayıb və şikayəti təmin etməyib. Babalı Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.
* Hafiz Babalı “Abzas Media işi” üzrə həbsdədir. O, irəli sürülən qaçaqmalçılıq ittihamını rədd edir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar, beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini “Abzas Media işi” üzrə bütün müttəhimləri azad etməyə çağırıblar.