Jurnalist həbs müddəti daha iki ay uzadıldı
İyulun 9-da Bakının Xətai Rayon Məhkəməsi “Abzas Media” işi üzrə həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalının həbs müddətinin daha 2 ay 7 gün (sentyabr 20-dək) uzadılması ilə bağlı istintaqın təqdimatını təmin edib.7GÜN XƏBƏR xəbər verir ki, bu barədə Amerikanın Səsinə vəkil Rəsul Cəfərov bildirib.
Vəkilin sözlərinə görə, iclas zamanı müdafiə tərəfi Babalının həbsinin əsassız olduğunu bildirib, həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə vəsatət verib.
“Mən və Hafiz bəy qeyd etdik ki, həbs müddətinin uzadılması tamamilə əsassızdır və bunun üçün heç bir maddi prosessual əsas mövcud deyil”, Cəfərov deyib.
Jurnalist qaçaqmalçılıq ittihamını bir daha rədd edib, həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.
Bununla belə vəkil birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini deyib.
Müdafiə tərəfi jurnalistin həbsdə saxlanılması üçün maddi və prosessual əsasların olmaması səbəbindən bu qərarla razılaşmır.
“Abzas Media” ilə bağlı cinayət işi üzrə ötən il noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.
Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.