Jurnalistin həbs müddəti artırıldı
Mayın 25-də Bakının Xətai Rayon Məhkəməsində “Abzas Media” işi üzrə həbs edilən jurnalist Nərgiz Absalamova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı vəsatətə baxılıb.7GÜN XƏBƏR Turan-a istinadən xəbər verir ki, vəkil Rövşanə Rəhimovanın sözlərinə görə, məhkəmə vəsatəti təmin edib və jurnalistin həbsinin daha 22 gün – iyunun 20-dək uzadılmasına qərar verib.
Vəkil əlavə edib ki, bununla da Absalamovanın həbsdə saxlanma müddəti 6 ay 21 günə çatacaq.
Jurnalist həbs müddətinin əsassız olaraq uzadılmasına etiraz edib. O, həbs olunduqdan sonra barəsində ciddi istintaq hərəkətlərinin aparılmadığını bildirib. Yalnız xəttşünaslıq ekspertizası təyin edilib və onun rəyi artıq hazırdır.
Müdafiə tərəfi həmçinin qeyd edib ki, jurnalistin həbsdə saxlanması üçün heç bir hüquqi əsas yoxdur.
Vəkil Rəhimova bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.
Onun sözlərinə görə, jurnalist məhkəmədə saxlanma şəraitindən də şikayət edib.
“Hər dəfə məhkəmə binasında Nərgiz Absalamovanı saatlarla kiçik, qaranlıq, siqaret qoxulu bir otaqda saxlayırlar ki, bu da onun narahatlığına səbəb olur. Bununla bağlı aidiyyatı orqanlara ayrıca şikayət edəcəyik”, - deyə vəkil qeyd edib.
* Xatırladaq ki, 20 noyabr 2023-cü ildən “Abzas Media”nın altı jurnalisti və media işçisi "valyuta qaçaqmalçılığı" ittihamı ilə həbs edilib. Onlar ittihamları rədd ediblər və cinayət işini korrupsiya faktlarının araşdırılması ilə əlaqələndiriblər. Belə ki, həmin faktlar “Abzas Media”da dərc olunub.
KİV-in müdafiəsi üzrə beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə və KİV-ə təzyiqləri dayandırmağa çağırıblar.