Hafiz Babalı Ali Məhkəməyə şikayət verəcək


Avqustun 8-də Bakı Apellyasiya Məhkəməsində Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalının ATV telekanalına qarşı şikayətinə baxılıb.

7GÜN XƏBƏR Turan-a istinadən xəbər verir ki, apellyasiya şikayəti Babalının sözügedən teleşirkətə qarşı iddiasını təmin etməyən Səbail məhkəməsinin 30 aprel tarixli qərarından verilib. Babalı özü onlayn rejimdə iştirak edib. Belə ki, jurnalist “Abzas Media” nəşrinin işilə əlaqədar həbsdədir.

İddia telekanalın 28 dekabr 2023-cü il tarixli reportajında Babalının ünvanına əsassız ittihamlar və böhtanlar ilə əlaqədar verilib.

ATV bildirib ki, "Turan İnformasiya Agentliyinin redaktoru Hafiz Babalı xarici fondlarla əlaqə yaradıb, qrant layihələri üzrə araşdırmalar aparıb və məqalələr hazırlayıb".

Jurnalistin iddiasında deyilir ki, Babalanın araşdırmaları onun jurnalist fəaliyyətinin bir hissəsi olub, xarici donorların sifarişi olmayıb. Bundan əlavə, heç kim dərc olunmuş məqalələrlə bağlı iddia qaldırmayıb, həmin məqalələrdəki məlumatlar isə heç bir inzibati orqan tərəfindən təkzib edilməyib və məhkəmədə mübahisələndirilməyib.

Lakin birinci instansiya məhkəməsi obyektiv araşdırma aparmayıb, vəkil Rəsul Cəfərov bildirib. Onun sözlərinə görə, məlumatın Qafqazinfo.az saytından götürülməsilə bağlı ATV telekanalının nümayəndəsinin dəlilləri tutarlı deyil. Qanunvericiliyə əsasən, media digər KİV-in informasiyasının yayılmasına görə məsuliyyətdən azad edilmir.

“Media haqqında qanunun 77-ci maddəsinə əsasən, əgər KİV dövlət orqanlarının rəsmi məlumatlarını, onların vəzifəli şəxslərinin, deputatlarının bəyanatlarını və ya çıxışlarını, dövlət, özəl və qeyri-hökumət təşkilatlarının, partiyaların press-relizlərini, informasiya agentliklərinin məlumatlarını dərc etdikdə məsuliyyətdən azad edilir. İndik halda isə 77-ci maddəyə istinad uyğun deyil, çünki Qafqazinfo.az informasiya agentliyi deyil, İnternet- qəzetdir. Digər tərəfdən, Qafqazinfo.az-da dərc edilmiş məlumat heç bir dövlət orqanının və ya özəl, bələdiyyə və ya ictimai təşkilatın rəsmi məlumatı deyildi. Saytdakı fikirlərin mənbəyi, ümumiyyətlə, göstərilməyib", - Cəfərov deyib.

Lakin Apellyasiya Məhkəməsi obyektiv araşdırma aparmayıb və şikayəti təmin etməyib. Babalı Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.

* Hafiz Babalı “Abzas Media” işi üzrə həbsdədir. O, ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamını rədd edir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar, beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini “Abzas Media” işi üzrə keçənlərin azad edilməsinə çağırıblar.