"Sərhədsiz Reportyorlar" jurnalistlərlə bağlı bəyanat yaydı
7GÜN XƏBƏR "Turan"a istinadən xəbər verir ki, "Sərhədsiz Reportyorlar" (SQ) beynəlxalq jurnalistləri müdafiə təşkilatı jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalının hələ də həbsdə saxlanılmasını pisləyib."Heç bir əsas olmamasına baxmayaraq, Azərbaycanda məhkəmələr Abzas Media internet nəşrinin jurnalistləri Ülvi Həsənli və Sevinc Vaqifqızını, habelə Hafiz Babalını həbsdə saxlamaqda davam edir. Bu jurnalistlərin təqibinə son qoyulmalıdır. Onlar azad edilməlidir", deyə "Sərhədsiz Reportyorlar"ın X sosial şəbəkəsindəki səhifəsində dərc edilmiş məlumatda bildirilir.
Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalı 2023-cü ilin noyabr-dekabr aylarında xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər. Onlar ittihamları təkzib edir və təqib olunmalarını Azərbaycan hakimiyyətinin yüksək eşelonlarında korrupsiya faktları ilə bağlı jurnalist araşdırmaları ilə əlaqələndirirlər.
Dünən məhkəmə bu üç jurnalisti ev dustaqlığına keçirməkdən imtina edib. Eyni iş üzrə Abzas Media-nın daha iki əməkdaşı - Nərgiz Absalamova və Məhəmməd Kekalov da prosesə cəlb olunub.