Məhkəmə jurnalistlərlə bağlı şikayəti təmin etməyib


Çərşənbə günü Xətai məhkəməsi AbzasMedia nəşrinin jurnalistlərinin - Ülvi Həsənli və Sevinc Vaqifqızı, habelə araşdırmaçı jurnalist Hafiz Babalının ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətlərini təmin etməyib.

Vəkillər jurnalistlərin həbsdə saxlanılması üçün maddi və prosessual əsasların olmadığını qeyd ediblər.

7GÜN XƏBƏR "Turan"a istinadən xəbər verir ki, bununla belə, hakim Sülhanə Hacıyeva hər üçünü həbsdə saxlayıb.

Məhkəmədən sonra vəkillər qeyd ediblər ki, həbs olunan jurnalistlərin öz müdafiəçilərilə ünsiyyətinin məxfiliyi konvoy tərəfindən pozulub.

Xatırladaq ki, jurnalistlər xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunublar. Söhbət xarici donorlardan "qanunsuz" pul alınması iddialarından gedir.

Jurnalistlər ittihamları rədd edirlər. Hüquq müdafiəçiləri onları siyasi məhbuslar kimi tanıyıblar.