Jurnalistlərlə bağlı həbs qətimkan tədbirinin müddəti yenidən uzadıldı


Məhkəməyə gətirilən abzasçılar: "Məni heç kim susdura bilməz", "Həbsxana məni tutduranların yeridir", "Azad medianı heç kim susdura bilməz!”

Sentyabrın 7-də "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), direktor müavini Məhəmməd Kekalov və əməkdaşları Hafiz Babalı ilə Nərgiz Absalamovanın həbs müddəti artırılıb.

İstintaq orqanının ilkin istintaq dövrü üçün həbs müddətinin uzadılması ilə bağlı təqdimatını Xətai rayon Məhkəməsinin hakimi Sahibə Hacıyeva təmin edib.

Təqdimatı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) baş müstəntiqi Toğrul Hüseynovun vəsatəti əsasında, Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyev verib.

Beləliklə, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Hafiz Babalı və Nərgiz Absalamovanın həbs müddətləri daha 3 ay uzadılıb.

Onlar məhkəməyə gətirilərkən, şüar səsləndiriblər. Sevinc Vaqifqızı "Məni heç kəs susdura bilməz!" deyib.

Nərgiz Absalamova isə bildirib ki, "Azad medianı heç kim susdura bilməz!”. Absalamova məhkəmədəki çıxışında da həbslərinin siyasi sifariş olduğunu əlavə edib.

Araşdırmaçı jurnalist Hafiz Babalı isə şüarında vəzifəli şəxslərlə yerlərinin səhv düşdüyünə diqqət çəkib: "Həbsxana məni tutduranların yeridir".

Bu iş üzrə istintaq müddəti isə artıq dəfələrdir uzadılır.

Abzas Media