BMT-nin məruzəçisi hüquq müdafiəçilərinin və jurnalistlərin təqib edilməsindən narahatdır


Hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçi Meri Loulor Azərbaycanda hüquq müdafiəçilərinin və jurnalistlərin saxlanılmasının və məhkəmə təqiblərinin davam etməsilə bağlı ciddi narahatlığını bildirib.

"Son aylarda Azərbaycanda hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı həbs və cinayət işlərinin həyəcanverici dalğasının şahidi oldum və bu məsələləri hökumət qarşısında qaldırdım", - Loulorun 15 avqust tarixli bəyanatında deyilir.

7GÜN XƏBƏR Turan-a istinadən xəbər verir ki, Loulorun qaldırdığı işlər sırasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli, “Abzas Media”nın jurnalistləri Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifgızı), Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin dəvət olunmuş jurnalist Hafiz Babalının işləri var.

Onları Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən pul qaçaqmalçılığında ittiham ediblər. Onları səkkiz ilə qədər həbs təhlükəsi gözləyir.

"Antikorrupsiya araşdırmaları, seçkilərin müstəqil monitorinqi və insan hüquqlarının beynəlxalq müdafiəsi insan hüquqları üzrə qanuni işdir", - Loulor deyib. "Bu işə və ifadə azadlığının həyata keçirilməsinə görə cəza insan hüquqlarının açıq şəkildə pozulmasıdır".

Xüsusi məruzəçi “Abzas Media”nın ofisindən və həbs olunan jurnalistlərin və hüquq müdafiəçilərinin evlərindən elektron cihazların və sənədlərin götürülməsilə bağlı həyəcan təbili çalıb. Belə ki, bu, antikorrupsiya araşdırmalarında onların mənbələrini potensial olaraq təhlükə altına qoyur.

Məmmədlinin və valideynlərinin də mənzilində axtarış order olmadan aparılıb. Hakimiyyət həbs olunanların vəkilləri, bəzi hallarda isə ailələrilə ünsiyyətini məhdudlaşdırıb. Həbs olunanların qohumlarının bank hesabları dondurulub.

Loulor deyib ki, o, Ülvi Həsənli və Sevinc Abbasova, eləcə də Nərgiz Absalamova ilə amansız rəftarın araşdırılması ilə bağlı yenilənmiş məlumat istəyib.

"Altı ildən çoxdur ki, Azərbaycanın Məmmədlinin işində ədaləti bərpa edə bilməməsi ölkədə effektiv hüquqi müdafiə vasitələrinin olmadığını göstərir və hüquq müdafiəçilərinin hüquqlarının pozulmasının təkrarlana biləcəyilə bağlı narahatlıq yaradır", - məruzəçi deyib.

O bildirib ki, Azərbaycan hökumətilə əlaqə saxlayıb, lakin alınan cavab onu qane etməyib.

"Mən hökumətin “Abzas Media”nın əməkdaşlarının hüquqlarının pozulması barədə fikirləri yalan adlandırmasından narahatam. Məhkəmə prosesinə müdaxilə etmək istəmirəm, amma hökuməti araşdırmanın insan hüquqları öhdəliklərinə tam uyğun olmasını təmin etməyə çağırıram.

Azərbaycanda bütün hüquq müdafiəçiləri və jurnalistlər hədə-qorxu və təqib olmadan sərbəst və təhlükəsiz şəraitdə çalışa bilməlidirlər", - o qeyd edib.