Ələsgər Məmmədli: "Jurnalistın peşə fəaliyyətinə görə həbs olunması ənənəsinə son qoyulsun"


Dəyərli media mənsublarını, peşəkar və vicdanlı jurnalistləri məhbəsdən salamlayıram.

22 iyul Azərbaycan jurnalistləri, mediası, maarifçiləri üçün önəmli bir gündür.

149 il öncə böyük maarifçi, dəyərli mütəfəkkir, jurnalistikamızın banisi Həsən bəy Zərdabi "Əkinçi" qəzetini insanlığa bəxş etməklə toplumunun qaranlıqdan çıxışına ilk işığı yandırıb.

Bu gün geri baxdığımızda xeyli yol qət etmişik. Lakin hələ də sivil dünyanın çatdığı hədəflərdən çox uzağıq. Gediləsi uzun və keçməkeşli yolumuz qarşıdadır. Müstəqil medianın, azad jurnalistikanın, tənqidi düşüncənin və fikirlərin süngü ilə qarşılandığı hazırkı ortamda Zərdabi yolunda yürüyənlərin aqibəti getdikcə ağırlaşır.

Son illər 149 illiyini qeyd etdiyimiz mətbuat tamamilə hökumətdən ələbaxımlı və asılı hala salınıb. Öz ayağı üzərində dayanmaq və ictimai nəzarət funksiyasını icra etmək imkanını itirib. İldə bir-iki dəfə hökumətin verəcəyi cüzi vəsaitlə öz biznes planını, inkişafını, idarəetmə imkanlarını normal və sabit tənzimləyə bilmir.

Hökumətin yanlış media siyasəti nəticəsində ölkə gündəmi ənənəvi mediada peşəkarcasına deyil, daha çox sosial şəbəkələrdə amatör səviyyədə müzakirə olunur və yönləndirilir.

Ölkədəki ictimai rəyi formalaşdırmaqda internet mediası və sosial şəbəkələr ənənəvi medianı xeyli üstələyib.

Azərbaycan həm öz Konstitusiyası həm də qoşulduğu beynəlxalq insan hüquqları konvensiyası ilə birmənalı olaraq media, ifadə azadlıqlarının toxunulmaz olduğunu, eyni zamanda, məhdudlaşdırılmayacağını qəbul etsə də, əməldə bunun əksini edir.

Heç bir legitim səbəb olmadan, hüquqi baxımdan əsaslandırmağa cəhd etmədən azad mətbuata kobud müdaxilələr davam edir.

Jurnalistin işi tənqid etmək, yanlışları göstərməkdir. Jurnalist, sadəcə, tərif deyəndə jurnalist olmur, əksinə, toplumu bilgiləndirəndə, dövlətin və idarəetmə strukturlarının fəaliyyətinə nəzarət həyata keçirəndə jurnalist olur.

Hazırda toplumu bilgiləndirmək, ictimai nəzarət həyata keçirmək kimlərisə narahat etdiyinə görə azad media əsasən sıradan çıxarılıb.

Saxta qaçaqmalçılıq, qanunsuz ev tikmək, polisi söymək kimi gülünc iddialarla jurnalistin fəaliyyətini dayandırmaq doğru yanaşma deyil. Bu ittihamlar heç kimə, hətta bunu irəli sürənlərə də inandırıcı gəlmir. Cəmiyyətdə kimsəni buna inandırmaq heç mümkün deyil. Təəssüf edirəm ki, toplumun fəal və vicdanlı kəsiminin bu neqativ yanaşmaları durdurmaq gücü olmadığından bəzi gerilikçi qüvvələr əllərindəki səlahiyyətdən sui-istifadə edirlər.

Azad medianın susdurulmasının fiziki əzabını, ağır zərbəsini bu gün məhbəslərdə olan gəncəcik övladlarımıza insafsızcasına yaşadırlar. Çox istərdim ki, ən qısa müddətdə bu yanlış yoldan geri dönülsün, heç bir suçu olmayan jurnalistlər dərhal azad olunsun. Jurnalistın peşə fəaliyyətinə görə həbs olunması ənənəsinə son qoyulsun.

Səlahiyyət sahibləri unutmasın ki, bu hüquqsuzluq mühitinin siyasi və hüquqi sonuclarına bir gün özləri də tuş gələcək. Öz qazdıqları çuxura mütləq düşəcəklər...

Ölkədə səlahiyyət sahibləri bu səlahiyyətlərini xüsusi imtiyaza çevirərək, alternativ baxışları rədd etməklə problemin həll olacağını düşünür. Nəticədə, müxtəlif beynəlxalq platformalarda daim müzakirə və qınaq obyektinə çevrilməkdən xilas ola bilmir. Bu isə öz növbəsində neqativ ölkə imicinə kapital yığmaqdan başqa heç nəyə yaramır.

Həsən bəy Zərdabi başda olmaqla bu illər ərzində Azərbaycan mətbuatının inkişafına və toplumun aydınlanmasına xidmət etmiş mütəfəkkirləri rəhmət və sayğı ilə anıram.

Bütün dəyərli qələm əhlini, aydınları, sivil toplum mənsublarını və azad sözün məsuliyyətini dərk edən hər kəsi təbrik edirəm!

Ələsgər Məmmədli,
Hüquqşünas, media eksperti