Jurnalist BŞBPİ-də dindirilib


İyunun 6-da “Toplum TV”nin “Axşam söhbəti” verilişinin aparıcısı Alya (Nailə) Yaqublu Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) şahid qismində dindirilib. Jurnalist BŞBPİ-də 4 saata yaxın ifadə verib.

7GÜN XƏBƏR-in Amerikanın Səsi-nə istinadən məlumatına görə Alya Yaqublu bildirib ki, istintaq sirri olduğu üçün ifadəsi barədə detallı məlumat verə bilmir. Jurnalist “Toplum TV” ilə bağlı cinayət işinin saxta hesab etdiyini deyib:

“Həbs olunanların hər biri Azərbaycan üçün faydalı işlər görmüş, dəyərli insanlardır. Sadəcə, bu hakimiyyət müstəqil medianı, tənqidçiləri, müxalif mövqeli insanları sevmir. Bunun nəticəsidir ki, Azərbaycanda müxalif mövqeli insanların yolu tez-tez həbsxanalardan keçir, müstəqil jurnalistlərin sayı azalıb. Bütün bunlar bizi üzür, amma ümidimizi üzmürük”.

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, "Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.