Amnesty International jurnalist həbslərinə münasibət bildirdi


"Azərbaycanda müstəqil mediaya qarşı hədə-qorxu kampaniyası Toplum TV-yə hücumla davam edir".

7GÜN XƏBƏR xəbər verir ki, bu barədə "Amnesty International”ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Nataliya Nozadze polisin müstəqil Toplum TV-nin Bakıdakı ofisinə basqın edərək jurnalistləri saxlaması xəbərinə münasibət bildirərkən qeyd edib.

"Müstəqil mediaya qarşı bu son təzyiq ifadə azadlığı və media azadlığı hüququna birbaşa hücum və tənqidi səsləri susdurmaq cəhdidir. Azərbaycan hakimiyyəti müstəqil media qurumlarını və müxalifət qruplarını hədəf alır, qorxudur və təqib edir, insan haqlarına və qanunun aliliyinə açıq-aşkar etinasızlıq nümayiş etdirir", o əlavə edib.

Nataliya Nozadze qeyd edib ki, Azərbaycan hakimiyyəti insan hüquqlarına və müstəqil mediaya qarşı artan təzyiqlərə dərhal son qoymalı, ifadə azadlığı və media azadlığı da daxil olmaqla, hər kəsin insan hüquqlarına hörmət etməli, qorumalı, təşviq etməli və yerinə yetirməlidir.

O hesab edir ki, hakimiyyət müstəqil medianı hədəf almağı dayandırmalıdır.

"Biz beynəlxalq ictimaiyyəti Azərbaycandakı vəziyyətin aktuallığını və ağırlığını tanımağa və bu təzyiqlərə son qoymaq üçün hakimiyyətə təzyiq göstərməyə çağırırıq. Ölkə bu ilin noyabrında "COP29" iqlim konfransına ev sahibliyi edəcəyi üçün bu beynəlxalq diqqətdən insan hüquqlarına hörmət tələbində istifadə edilməsi vacibdir.

Son aylar bir neçə jurnalistin və fəalın həbsindən sonra Azərbaycanda Toplum TV jurnalistlərinin və fəallarının sərt həbsləri bizi çox narahat edir", "Amnesty International"ın Cənubi Qafqaz üzrə tədqiqatçısı qeyd edib.

Rəsmi Bakı "Amnesty International"ın dediklərinə hələlik cavab verməyib.

Martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Tolpum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkana tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkana tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Martın 8-də Toplum TV-nin əməkdaşı Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə şübhəli şəxs qismində saxlanılıb.

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, "cinayət işinin hədəfi tənqidi səslərdir".

Azərbaycan Daxili İşlər Nazirliyi martın 6-da Amerikanın Səsinə axtarışların "bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə" aparıldığını bildirsə də, rəsmi qurumlar hələ də məsələ ilə bağlı ictimaiyyətə ətraflı açıqlama verməyib.

Amerikanın Səsinə şərhində Azərbaycan Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov ölkədə müstəqil mətbuata təhdidlərin olmadığını bildirib və son həbsləri milli təhlükəsizliyə hədə sayılan "beşinci kolon"-la əlaqələndirib.

ABŞ və Böyük Britaniya, Fransa həbslərlə bağlı "dərin narahatlıq" ifadə edib, Freedom House, Avropa Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar da daxil olmaqla, çoxsaylı beynəlxalq təşkilatlar həbsləri pisləyib.

"Azərbaycanı öz fundamental azadlıqlarından istifadə edənlərə qarşı təzyiqlərə son qoymağa və siyasi motivlərlə haqsız yerə həbs edilən bütün şəxslərin azadlığa buraxılmasına çağırırıq", ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Toplum TV 2016-ci ilin oktyabr ayından fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.