"Grandmart"dan narazılıq: "Halal etmirəm, biləsiz”


Jurnalist Əzizə İsmayılova Grandmart supermarketlə bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

7GÜN XƏBƏR həmin paylaşımı olduğu kimi təqdim edir:

“Supermarketlərin cibə girmək strategiyası bitmir ki, bitmir. Səhər-səhər girmişəm “Grandmart Supermarket”ə (Nizami m. yanında) kiloqramı 5 manat neçə qəpiklik gilas götürmüşəm. Götürmədən əvvəl tərəzidəki oğlandan bir də “qiymət budur?” deyə dəqiqləşdirmişəm. Tərəziyə qoyanda bir də dedim ki, “kilosu 5 manat” olandan götürdüm. “Yaxşı” deyib vurdu. Mən də fikir vermədim”, – deyən jurnalist çekə baxıb görüb ki, kilosu 8 manat 50 qəpiklik gilası vurulub.

Əzizə İsmayılova bildirib ki, söhbət 2-3 manatda deyil, insanların etibarından istifadə edib cibinə girməkdən gedir: “Hər adamdan 2-3 manat qazanmaqla etibar itirməyə dəyərmi? Halal etmirəm, biləsiz”.

Qeyd edək ki, jurnalistin "Grandmart" supermarketlə bağlı paylaşımına şərh yazanlar arasında bunu texniki problemlə əlaqələndirənlərlə yanaşı, sözügedən problemin əksər supermarketlərdə yaşandığını qeyd ediblər.

Bu arada qeyd edək ki, sözügedən supermarketi ilə bağlı bəzi məlumatlar əldə etmişik. Tezliklə mövzuya qayıdacağıq.
"Grandmart"dan narazılıq: "Halal etmirəm, biləsiz”