Gündüz Əliyev bu qədər var-dövləti hardan əldə edib?


Dövlətə xüsusilə külli miqdarda ziyan vurmaqla təqsirləndirilən şəxs hələ də Suqmayıt İcra Hakimiyyətində yüksək vəzifə tutur

Ölkə mətbuatında bir çox məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək böyük biznesə, var-dövlətə sahiblənməsi ilə bağlı çoxsaylı məlumatlara faktlara sast gəlmək olar.

7GÜN XƏBƏR "AzFakt"a istinadən xəbər verir ki, belə məmurlardan biri də hazırda Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevdir.

Bildirək ki, Gündüz Əliyevin adı korrupsiya əməliyyatında hallanandan sonra Suqmayıt icra başçısının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsindən çıxarılaraq İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Daxil olan məlumata görə Gündüz Əliyev Sumqayıt şəhərində çoxsaylı obyektlərə, var-dövlətə sahibdir. Belə ki, Sumqayıt Bulvarında fəaliyyət göstərən məşhur “Bowling” restoranı, “Ordubad” marketin yarısı, daş bazarı deyilən ərazidə 10-a yaxın obyekt, Nəsimi heykəlinin yanında “Cofe lance” və yeni istifadəyə verilən market, mebel sexlərinə, klinikaya, mənzillərə və Novxanıda milyonluq villaya sahibdir.

Qeyd edək ki, Gündüz Əliyevə qarşı 2023-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham elan edilib. Bununla 2023-cü ildə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə yekun ittiham elan edilib.

İstintaqla qeyd olunan tibb müəssisəsinin sabiq baş mühasibi Gülnarə Bayramovanın həmin vəzifədə işləyərkən qohumu Gündüz Əliyevlə qabaqcadan əlbir olub tanışları Elxan Əsədovun köməkliyilə sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi materiallarına əsasən Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdiyi 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub.