Şöbə müdiri icra başçısına 500 min manat dəyərində zümrüd bağışlayıb?


Ötən yazımızda Sumqayıt şəhər İcra Hakimiyyətində qalmaqal yaşandığı barədə xəbər vermişdik.

Daxil olan məlumatda deyilirdi ki, icra başçısı Zakir Fərəcovla ərazi idarəetmə şöbbəsinin müdiri Gündüz Əliyev arasında münasibətlər kəskin şəkil alıb. Buna səbəb isə icra başçısının şöbə müdirinə vəd verdiyi müavin postuna başqasının gətirilməsidir.

Belə ki, Fərəcov hələ 1 il əvvəl boş qalmış müavin postunu Gündüz Əliyevə verəcəyini bildirib. Hətta o vədi də verib ki, Sumqayıt İcra Hakimiyyəti başçısı postuna da özündən sonra məhz Əliyevi gətizdirəcək. Bununla əlaqədar yuxarıların da razılığını aldığını deyirmiş. Lakin ötən həftə Prezident Administrasiyası Sumqayıtın icra başçısına öz namizədini müavin təyin edib. Fərid Ələkbərovun təyinatından sonra isə Əliyevlə Fərəcov arasında bərk mübahisə düşüb. Məlumatlara görə, başçının kabinetində vəziyyət o qədər gərgin olub ki, tərəflər arasında mübahisənin səs-küyü bütün koridor boyu eşidilirmiş.

Qeyd edək ki, Sumqayıtda bu hadisə “Fərəcovun zümrüd əməliyyatı baş tutmadı” kimi təqdim edilir. Zümrüd məsələsinin hadisə ilə nə kimi bağlantısı olmasını araşdırdıqda, ortaya maraqlı detal çıxıb.

7GÜN xəbər verir ki, Jamaz.info bir neçə mənbədən dəqiqləşdirmə apararaq bildirir ki, Gündüz Əliyev ona vəd verilən müavin postuna görə, icra başçısına bahalı hədiyyə verib. Həmin hədiyyə isə qızılla haşiyələnmiş zümrüd daşından ibarət olub. Həmin hədiyyənin qiyməti də ucuz olmayıb. Məlumatlara görə, Fətəcova verilən zümrüdün qiyməti 500 min manat civarında olub. G.Əliyevin şöbə müdiri olaraq, bu qədər pula sahib olması qəribə deyil. Çünki əksər icra hakimiyyətlərində məmurların kasıb olması halına hələ rast gəlinməyib.

G.Əliyev isə ölkənin üçüncü böyük şəhərinin məsul şəxsidir və bir çox işlərdə adı hallanır. Həmin işlərdən biri də Sumqayıtda Dənizkənarı Bulvarın tikintisi və şəhərin abadlaşması işlərinə görə, ayrılmış vəsaitlərlə bağlıdır. Hazırda həmin təmir və tikinti işlərini görənlərə verilməli olan 10 milyon manata yaxın hissəsi hələ də ödənilməyib. 5 il öncə başlayan qalmaqal hazırda da davam edir. Maraqlı olan odur ki, Z.Fərəcov belə bahalı hədiyyəni niyə alıb? Nə adla alıb? Və kimə çatdıracağı adıyla götürüb? Hələlik bu suallar açıq qalır.

Bu əsnada onu da bildirək ki, G.Əliyev Zakir Fərəcova verdiyi bahalı hədiyyəni geri istəyib. Hətta dünən yeni müavin Fərid Ələkbərovun kollektivə təqdimatından sonra Əliyevlə Fərəcov arasında bununla bağlı söhbət də olub. Söhbət bir qədər uzun çəkib və qəbula gələnlərin qəbul edilməsi prosesi dayandırılıb. Mövzu ilə əlaqədar Sumqayıt İcra Hakimiyyəti ilə əlaqə qurmaq cəhdimiz alınmadı.

P.S. Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.