İcra başçısı Prezidenti necə aldadıb? – Nərimanov sakinlərindən ŞOK ETİRAF


Bakının Nərimanov rayonunda binanın fasadı üzərində aparılması nəzərdə tutulan təmir-bərpa işləri naməlum səbəblərdən dayandırılıb.

7GÜN TV xəbər verir ki, bu barədə İnterpress.az-ın redaksiyasına Ə.Dəmirçizadə 2 ünvanında yerləşən binanın sakinləri məlumat verib.

Sakinlərin sözlərinə görə, bir neçə il əvvəl onların yaşadığı binanın üzlənməsi ilə bağlı qərar qəbul edilsə də, hələ ki, bu qərar icra olunmayıb.

Sakinlər bildirir ki, bir müddət əvvəl Heydər Əliyev Mərkəzi ilə kəsişmədə yerləşən bir neçə binanın fasadı üzərində təmir-bərpa işlərinin aparılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib.

Amma dövlət başçısının tapşırığına Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən məhəl qoyulmayıb. Sakinlər buna görə də Nərimanov Rayon İcra Hakimiyyətinin sabiq başçısı Abdin Fərzəliyevi günahlandırırlar.

Onların sözlərinə görə, A.Fərzəliyev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı olan zaman işinə məsuliyyətsiz yanaşıb və dövlət başçısına qoyulan tapşırıqları icra edəcəyi ilə bağlı yalan vəd verib.

Hazırda sözügedən binanın sakinləri dövlət başçısının tapşırığının Nərimanova təyin edilən yeni icra başçısı tərəfindən icra olunacağına ümid etdiyini bildirirlər.