Sakinlərin istirahət yeri əllərindən alıb-Şikayət


Prezident İlham Əliyevin hökumətin son iclasında Bakıda dayanacaqları, parkları, səkiləri satan icra başçılarına xəbərdarlığı deyəsən, Xətai rayonunda ciddi qarşılanmayıb.

7gun.org xəbər verir ki, bu barədə Reyting.az vasitəsi ilə Prezident İlham Əliyevə şikayət ünvanlayan Xətai rayonunun S. Vəzirov küçəsi, 11 və 15 ünvanında yaşayan 8 binanın bir qrup sakininin müraciətində deyilir.

Sakinlər bildirir ki, yaşadıqları məhəllədə kiçik park var və bu parkı bir neçə il əvvəldən hansısa məmur dəmir mühəccərlə hasarlayaraq, tikinti işləri aparmaq istəyir:

“Hətta burada olan ağacların da müəmmalı şəkildə qurudulmasına başladılar. Bizim çoxsaylı şikayətlərimizdən sonra həm tikinti, həm də ağacların məhv edilməsi dayandırıldı. Ancaq məsələnin üstündən 5-6 ay keçəndən sonra yenidən hansısa məmur parkı özününküləşdirməyə cəhd etməyə başlayır”.

Sakinlər bildirir ki, ölkə rəhbərliyi həmişə yaşıllıq ərazilərin qorunmasına xüsusi diqqət ayırıb:

“Hətta bir çox icra başçıları və iş adamları “yaşıl soyqırımı”na görə cəzalanıdırılıblar. Əlbəttə, bütün bunlar camaatın ürəyindən xəbər verir. Ancaq Xətainin icra başçısı hətta Mehriban Əliyeva ilə Leyla Əliyevanın tez-tez ağac əkib, yaşıllıq salmaq kimi nəcib əməllərindən də nəticə çıxarmır. Harada boş və yaşıllıq görürsə, dərhal ya həmin ərazini satır, ya da özününküləşdirir. Bu adam nə xalqı, nə rayonu düşünür. Onun bütün diqqəti qanunsuz yollarla pul qazanmağa yönəlib”.

Sakinlər dövlət başçısının diqqətinə çatdırırlar ki, Xətai rayonu, S.Vəzirov küçəsində də bənzər vəziyyət yaranıb. Rayon rəhbərliyi illərdir ərazidə mövcud olan 8 binanın yüzlərlə sakininin istirahət etdiyi, uşaqlarının oynadığı 15-20 sotluq kiçik, ancaq yaşıllıqla zəngin parkı kiməsə satıb. Naməlum şəxslər də bir neçə ildir həmin parkı hasarlayaraq, girişi məhdudlaşdırıb:

“Cənab Prezident! Təxminən bir il əvvəl də həmin parkda tikinti aparmaq istədilər. Lakin sakinlərin etirazından sonra işbazlar “fəaliyyətlərinə” ara verdilər. Lakin sizin keçirdiyiniz son müşavirdən az əvvəl yenidən naməlum şəxslər həmin parkda görünməyə başlayıblar. Onlar parkın ərazisinə ağır texnika salaraq, oranı qazırlar. Görünür, ya biznes obyekti, ya da yaşayış binası tikəcəklər”.

Sonda sakinlər dövlət başçısından xahiş ediblər ki, parkı satan Xətai rayonunun icra başçısı haqqında tədbir görülsün və qanunsuz tikinti dayandırlsın.