Abşeron rayonunda tikinti işləri “qara kassa“ Nurlan Həsənova tapşırılıb? - ŞOK İDDİA
Ötən həftə Abşeron rayonunda qanunsuz tikinti işlərinin dayandırılması ilə bağlı məlumat vermişdik.7GÜN TV xəbər verir ki, "AzFakt"-a daxil olan məlumatda Abşeron icra hakimiyyəti rayon ərazisində aparılan tikinti işlərinin dayandırılmasını tikintilərin təftişi ilə əlaqəli olduğu bildirilirdi. İnşaat sahəsində çalışanlar isə İcra Hakimiyyətinin bu qadağasının arxasında qiymət artımının dayandığını ehtimal edirlər. Belə ki, Abşeron rayonunda aparılan tikinti işlərinə görə bundan sonra daha böyük pullar tələb olunacağı bildirilir.
Məlumata görə artıq Abşeron rayonunda tikinti işləri bərpa olunub. Qeyd edilir ki, Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət və “icazə” almaq məsələləri icra başçısı Abdin Fərzəliyevin “qara kassası” kimi tanınan Nurlan Həsənova həvalə edilib. Tikintiyə “icazə” qiymətinin qalxdığı və inşaat işləri ilə məşğul olan şəxslərin buna görə narazılıq etdiyi deyilir.
Bildirək ki, Nurlan Həsənov Nərimonov rayon icra hakimiyyətində İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. Abdin Fərzəliyev Abşeron rayon icra başçısı təyin edildikdən sonra Nurlan Həsənov Abşeron RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi vəzifəsinə təyin edilib.
Məlumata görə şöbə müdiri vəzifəsindən çıxaraq Abşeron icra hakimiyyətində baş məsləhətçi vəzifəsinə təyin olunan Nurlan Həsənovun bu vəzifəsi sadəcə formal xarakter daşıyır. Onun əsas işi bundan sonra Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət etmək və “icazə” işlərini həll eləməkdən ibarət olacaq.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.