Ev içində ev və ya NZS-də tikinti özbaşınalığı
Neftezavodstroy (neftzavodtikinti), qısaca desək NZS paytaxtın Xətai rayonunda yerləşən kiçik qəsəbədir. Sovet dönəmində qəsəbə onun ərazisində yerləşən “Azneftyağ” neft emalı zavodu ilə tanınırdı. İndi isə daha çox eyniadlı yerli pivənin istehsalı ilə tanınır. Ekoloji vəziyyəti o qədər də əlverişli olmayan qəsəbədəki evlər əsasən iki və ya üçmərtəbəli fərdi evlərdir. Bir neçə il öncə qəsəbədə böyük söküntünün olacağı barədə şayiələr dolaşırdı, lakin hələlik dövlətin ekskavatoru NZS-ə gəlib çatmayıb və sakinlər də rahat yaşamağa davam edirlər, əgər fərdi inşaatçılar olmasa.
7gun.org bildirir ki, NSZ qəsəbəsində Aşıq Qurban küşəsi, ev 19-da yaşayanlar Turan-a müraciət edərək bildiriblər ki, üç aydan çoxdur ki, onların həyətində "döyüş hərəkətləri" baş verir. Sakinlərin sözlərinə görə, onların evi kiçik həyəti olan üçmərtəbəli binadan ibarətdir. Burada köhnədənqalma yarıçürümüş budkalar var ki, heç kim onlardan istifadə etmir. Elə bu budkalara görə evin sakinləri ilə Zəngilan rayonundan olan məcburi köçkün Pərvanə Novruzova arasında problem yaranıb. Sakinlərdən biri Natalya İorinanın sözlərinə görə, P.Novruzova budkanı alıb və onun yerində bina tikmək qərarına gəlib, sonra budkanın yerində gözəllik salonu açmaq istəyib.
"Biz bunu qadağan etdik. Ancaq artıq təməli qoymağa başlayıblar və tikinti materiallarını gətiriblər. Tikinti gecə gedir. P.Novruzova bildirib ki, Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Xalid adlı əməkdaşı tikintiyə icazə verib. Polisin müdaxiləsindən sonra tikinti müvəqqəti dayandırıldı. Ancaq üç saatdan sonra Pərvanə yenidən gələrək dedi ki, tikintini davam etdirəcək. Biz yenidən polis çağırdıq. Pərvanə getdi. Lakin tikinti materialları qaldı. Artıq bütün qəsəbə müxtəlif inşaatçılar tərəfindən tutulub, təkcə bizim həyət qalıb. Onu da bu qadının vasitəsilə ələ keçirmək istəyirlər. P.Novruzovanın sözlərinə görə, onun arxasında yüksək vəzifəli şəxslər durur, odur ki, bizi həbsə atdırmaq və ya öldürmək ona çətin deyil.
Əvvəlcə bizim, etiraz edənlərin sayı 60 nəfərə yaxın idi. Ancaq vaxtaşırı bizə təhdidlər, təhqirlər gəlməyə başladı. Elə polis əməkdaşlarının yanında mənə üç dəfə hücum ediblər, bir dəfə də İcra Hakimiyyətinin yüksək vəzifəli işçilərinin yanında. Sonuncu dəfə noyabrın 11-də 37-ci polis bölməsinin girəcəyində üç nəfər məni yerə yıxaraq təpiklə üzümə, sinəmə vurub. Məni müşayiət edən iki qonşu kişini də döyüblər. Yerli polislərin fəaliyyətsizliyini görəndən sonra DTX, Baş Prokurorluq və DİN-ə getdim. Bazar günü gecə olduğundan bizi heç kim qəbul eləmədi. Ancaq Bakı Şəhər Baş Polis İdarəsində ərizə yaza bildim, oradan məni xəstəxanaya apardılar, ekspertiza keçirdilər. Amma DİN zabitləri bildirdilər ki, bu məsələ nazir Ramil Usubovun nəzarətindədir.
Qanunsuz tikintiyə gəlincə, müraciət etmədiyimiz qurum qalmayıb", Natalya İorinanın bildirdi.
Tikinti aparan tərəflə əlaqə saxlamaq mümkün olmayıb.
Biz Natalya İorinanın başına gələnləri eşidəndə təəccüblənmədik, Bakıda belə hadisələr olur. Ancaq dövlət orqanlarına suallarımız hələ də var. Yaşayış həyətinin ərazisində fərdi obyektin tikintisinə kim icazə verib?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin əməkdaşı Yəhyayev Turan-a bildirib ki, 2018-ci il avqustun 1-dən Bakı şəhərinin inzibati ərazisində tikinti üçün icazə səlahiyyəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib. "Bundan öncə bu cür icazələrlə Bakı Şəhər İcra Hakimiyyəti məşğul olurdu. Yuxarıda qeyd etdiyim səlahiyyətlər bizim quruma verildikdən sonra vətəndaşların istənilən müraciətinə və şikayətlərinə yanaşma çox ciddidir, heç bir müraciət diqqətdən kənarda qalmır. Ola bilsin ki, həmin ərazinin sakinləri Komitəyə avqustun 1-dək müraciət ediblər, belə məsələlərin həllinin bizim səlahiyyətimizdə olmadığı vaxtlarda", - mətbuat xidmətinin əməkdaşı bildirib. O qeyd edib ki, sakinlərin rəsmi müraciətindən sonra müvafiq cavab veriləcək. Lakin Natalya İorina bildirir ki, o, Şəhərsalma və Arxitektura Komitəsində avqustun sonlarında olub, onu qəbul ediblər, ancaq heç bir kömək olmayıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətində bizi diqqətlə dinləyiblər və Xətai Rayon İcra Hakimiyyətinə müraciət etməyi tövsiyə ediblər, necə ki, bu başıbəlalı sakinləri eyni ünvana təkrar göndəriblər. Hələ yayda sakinlərin rəsmi müraciətinə cavab olaraq İcra Hakimiyyəti nümayəndələri problemin həllinə söz veriblər, ancaq vədlər kağız üzərində qalıb.
Qeyd etmək lazımdır ki, Bakıda rayon icra hakimiyyətləri 1998-ci ildən tikinti və torpaq ayrılması üçün icazə vermək hüququndan məhrum edilib. Bu, paytaxt İcra Hakimiyyətinin preroqatividir.