Xəzərin statusu ilə bağlı konvensiya
Rasim Musabəyov: “Konvensiyanın imzalanması Azərbaycana qazancdır”
Nazim Bəydəmirli: “Nəticə yenə Rusiya istədiyi kimi oldu ”
“Sənədin imzalanmasını müsbət hadisə adlandırıram”
Bunu deputat Rasim Musabəyov bu gün, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi status ilə bağlı konvensiya imzalanmasını dəyərləndirərkən deyib.
O, bildirib ki, konvensiyanın bütün problemləri həll etdiyini iddia etmir, amma həllinə hüquqi baza yaradır.
Rasim Musabəyov: “Əslində, hüquqi baza Azərbaycanın, Qazaxıstanın və Rusiyanın təklif etdiyi şəkildə oldu”
Rasim Musabəyov vurğulayır ki, 20 ildən çox davam edən danışıqlarda Azərbaycan, Qazaxıstan və Rusiya ümumi yanaşma sərgiləyirdilər:
“Türkmənistan və İran əks mövqedən çıxış edirdilər. Bu mövqe onların müəyyın iddialarla Azərbaycana qarşı dayanması ilə nəticələnmişdi. İran dənizin 5 hissəyə, 20 faiz olmaqla bölünməsini istəyirdi, ancaq bu qeyri-mümkün idi. Çünki İranın iddiası Azərbaycanıns sahillərinə gəlib çıxırdı və toqquşma ehtimalları vardı. O cümlədən, Türkmənistanla da fikir ayrılığı vardı. Hələlik, bizim Xəzərdə sektorlar bölünmədi, amma İranın cəfəng bərabər bölünmək iddiası arxivə getdi. Türkmənistanın da meriadian bölgüsü sıradan çıxdı. Modifikasiya olunmuş orta xətlə bölgü aparılacaq, əslində, hüquqi baza Azərbaycanın, Qazaxıstanın və Rusiyanın təklif etdiyi şəkildə oldu. Əksər yerlərdə də belədir”
Onun fikrincə, Azərbaycandan ötrü hüquqi bazanın yaranması vacib idi, çünki dənizdə gərginlik Bakının maraqlarına cavab vermir.
“ Səbəb də Azərbaycanın Xəzərdə qurğuları var, İranın yoxdur. Təhlükə olan yerə isə qazanc gəlmir, bu mənada konvensiyanın imzalanması Azərbaycan üçün qazancdır”
Nazim Bəydəmirli: “Rusiyanın hərbi gəmiləri istədiyi vaxt Xəzəryanı ölkələri təhdid altında saxlamağa davam edəcək”
İqtisadçı-alim Nazim Bəydəmirli isə bir qədər fərqli düşünür. Onun fikrincə, 20 illik danışıqlardan sonra nəticə yenə Rusiya istədiyi kimi oldu:
“Xəzər Beynəlxalq Konvensiyalarda olduğu kimi nə dəniz kimi, nə də göl kimi adlandırılmadı, sadəcə "vodoyem", su anbarı kimi bir şey. Ona görə də onun üzərində su sərhədlərimiz olmayacaq, dibi və yerin təkindəki maddi tapıntılar (əsas olaraq neft, qaz nəzərdə tutulur) ölkələr arasında ikitərəfli müqavilələrlə həll olunmalıdır. Xəzərin dibi ilə hər hansı bir neft, qaz kəməri çəkiləcəksə o da "ekoloji ekspertiza" adlı bir STOP-la üzləşə bilər. Ən əsası Xəzəryanı dövlətlərdən başqa heç bir dövlətin hərbi bazası burada yerləşdirilə bilməz. Rusiyanın da əsas istəyi də budur ki, NATO-ABŞ, Çin və ya başqası da ola bilər, onun meydan suladığı, hegemonluq etdiyi Xəzərdə baza qurmasın. Belə demək mümkündürsə Rusiyanın hərbi gəmiləri istədiyi vaxt Xəzəryanı ölkələri təhdid altında saxlamağa davam edəcək”
XatırlatmaBu gün, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi status ilə bağlı konvensiya imzalanıb.
7gun.org AzadlıqRadiosunun məlumatına istinadən bildirir ki, sənədi Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran prezidentləri imzalayıb.
Amma liderlər sənədin detalları barədə, hələlik, ətraflı məlumat verməyiblər.
Rusiya prezidenti Vladimir Putin deyib ki, Xəzərin hüquqi statusunun müəyyən edilməsi, xəzəryanı ölkələr arasında yeni tərəfdaşlıq səviyyəsində müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanı açır.
İran prezidenti Hassan Rohani isə bildirib ki, Xəzərin dibindəki neft və qaz sərvətlərinin bölünməsi sahilyanı ölkələr arasında yeni razılaşma tələb edir.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev i vurğulayıb ki, tərəflər konvensiyanın müddəalarını həyata keçirmək məqsədi ilə "xarici işlər nazirliklərinin himayəsi ilə beştərəfli məsləhətləşmələrdən ötrü xüsusi mexanizm" yaratmaq razılığına gəliblər.
Azərbaycan prezidenti İlham Əliyev da vurğulayıb ki, sammitdə qəbul edilən qərar, əməkdaşlığın gələcəkdə daha da inkişafına xidmət edəcək:
“Xəzərin hüquqi statusunun müəyyən edilməsi, dənizin dibi və səthinin beynəlxalq qanun əsasında bölünməsinə xidmət edəcək”, deyə o vurğulayıb.