Qüdrət Şükürov vəzifəsindən azad edilib


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı səlahiyyətlərini icra edən müavin Eldar Əzizov “Bakılifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu vəzifəsindən azad edib.

7gun.org xəbər verir ki, Modern.az–ın bununla bağlı BŞİH-ə ünvanladığı sorğusuna cavab olaraq, Q.Şükürovun vəzifəsindən azad edildiyini rəsmən təsdiqləyiblər.

BŞİH-dən qeyd ediblər ki, başçı səlahiyyətlərini icra edən Eldar Əzizov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qeyd edək, oktyabrın 1-də Bakı Şəhər İcra Hakimiyyətində inventarlaşdırma işlərinin aparılması ilə bağlı komissiya yaradılıb. Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində aparılır.

Qeyd edək ki, ötən il qızının 400 min dollarlıq toyu ilə gündəmə gələn Qüdrət Şükürov barədə müxtəlif məlumatlar yayılmışdı. Hətta Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən “Bakılifttəmir” İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri, həmçinin baş direktor Qüdrət Şükürovla bağlı araşdırmalara başlanıldığı iddia olunurdu.