Prezident seçkilərinin nəticələri təsdiq edildi


“7GÜN XƏBƏR” “Turan”a istinadən xəbər verir ki, bu gün Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov seçkilərin nəticələri barədə hakimlərə məlumat verib. Nəticələrə əsasən İlham Əliyev seçicilərin 92,12 faizinin səsini qazanıb.

Öz növbəsində, məruzəçi- hakim Kamran Şəfiyev bildirib ki, prezident seçkilərilə bağlı prokurorluq və polis orqanlarına şikayət daxil olmayıb.

Müzakirələrdən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev seçkilərin nəticələrinin təsdiq edilməsi barədə Konstitusiya Məhkəməsinin qərarını açıqlayıb və Əliyevi ölkənin yenidən seçilmiş prezidenti elan edib.

Prezident İlham Əliyev seçkilərin nəticələri elan edildikdən sonra üç gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə keçiriləcək inauqurasiya mərasimində and içdikdən sonra vəzifəyə başlayacaq.