Əksəriyyət o qənaətdədir ki, belə gəlib, belə gedəcək...


7GÜN XƏBƏR xəbər verir ki, Emin Əmirullayev nazir təyin olunanda qurumun adı hələ Təhsil Nazirliyi idi. Hazırda Elm və Təhsil Nazirliyidir. Amma vəziyyət daha da eybəcər hal alıb. Ölkə təhsili hazırkı nazirin dövründə 10 dəfə geriləyib.

Anaxeber.info faktlar təqdim etməyə hazırdır: müəllimlər yenə bayramlarda pul alır, direktorlar yenə müəllimlərdən pul yığır, təhsil idarələri onların başında gəlir, şagirdlərə verilən bilik sıfır, dərsliklər bərbad gündə... Əmirullayev hər çıxışında islahatların zəruriliyindən danışır. Amma nazir ilk dövrlərdə göründüyü kimi olmadı. Təhsil ictimaiyyəti və cəmiyyət gənc nazirin həqiqətən də açıqladığı acı həqiqətləri dəyişəcəyini gözləməkdə idi. Ona ümid bəsləndi ki, xarabazara çevrilmiş təhsildə heç olmasa bəzi dəyişikliklər edəcək. Amma ilbəil geriləmə var: hamı repetitor əsiri, aşağı bal yığaraq ali məktəbə daxil olanlar ordusu, məktəblərdə açıq bazar, direktor-müəllim-valideyn komitəsi şəbəkələşməsi, ayrı-ayrı məmurların himayə etdiyi məktəb direktorlarının harınlığı... Əslində sadalamaqla qurtarmayan və xirtdəyə qədər zibilin için boğulan bir təhsil sistemi var. Lakin hər hansı dəyişiklik yoxdur. Bəzi sahələrdə cüzi də olsa müəyyən addımlar atılması var. Amma Elm və Təhsil Nazirliyi orta məktəblərdə əvvəlki "qanunları" davam etdirir. Artıq inkişaf etmiş ölkələrin təhsil sisteminə yaxınlaşmaq haqda düşünmək gecdir. Əksəriyyət o qənaətdədir ki, belə gəlib, belə gedəcək... Nazir Əmirullayev isə Saakaşvili kimi görünüb, Lukaşenko kimi təhsili idarə etməkdədir...