Şikayətçilər: "Yeni məktəblərdə də təhsilin keyfiyyəti yoxdur"


7GÜN XƏBƏR-in məlumatına görə, Sənan Mənsimli ilə bağlı Prezidentə və nazirə müraciət edilib

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli ilə bağlı şikayətlər səngimir.

Salyandan AzToday.az-a verilən məlumata görə, Sənan Mənsimli ilə bağlı Elm və Təhsil Nazirliyinə edilən şikayətlərə heç bir əhəmiyyət verilmir.

Bildirilir ki, Sənan Mənsimli nazirin çağırış və tələblərinə də məhəl qoymur, təhsilə köhnə metodlarla yanaşır. Məhz bu üzdən də struktur dəyişikləri formal xarakter daşıyır, yəni Şirvan-Salyan Regional Təhsil İdarəsi sovetdənqalma rayon təhsil idarələrindən fərqlənmir.

“Yeni məktəblərdə də təhsilin keyfiyyəti yoxdur. Məktəb direktorları əvvəlki “bac-xərac” prinsipi ilə işləyirlər. Dirktorlardan edilən şikayətlərə Sənan Mənimsli heç bir əhəmiyyət vermir, əksinə, direktorları müdafiə edir, çünki direktorlar birbaşa onunla işləyirlər”, – şikayətçilər qeyd edirlər.

Prezident İlham Əliyev və Emin Əmirullayevə ünvanlanan müraciətdə isə bildirilir ki, vətəndaşlar nazirin qəbuluna asanlıqla düşə bilsələr də, Sənan Mənsimlinin qəbuluna düşmək ciddi problemə çevrilib, o heç kəslə görüşmür, ancaq təhsildə vəzifəli şəxsləri qəbul edir, onlarla işləyir. Bu üzdən də şikayətçilər əksər hallarda problemlərini ona çatdıra bilmirlər.

“Ənənəvi sovet kadrlarını xatırladan Mənsimlinin təhsilə “kolxoz” yanaşması regionda artıq hər bir sakinin probleminə çevrilib”, – şikayətçilər bildiriblər.

Onların sözlərinə görə, Sənan Mənsimlinin fəaliyyəti dövründə Şirvan-Salyan Regional Təhsil İdarəsin əsas problemlərindən biri də şəffaflıqla bağlıdır.

Şikayətçilər deyirlər ki, Sənan Mənsimli Təhsil Nazirliyinin Kadrlar şöbəsinin müdürü (hazırda – İnsan resursları şöbəsinin müdiri) Eşqi Bağırova yaxın şəxsdir. Onu müdafiə edən də Eşqi Bağırovdur. Ona görə də nazirlikdə önəmli bir post tutan Bağırov digər regional idarə rəhbərləri kimi Sənan Mənsimlini də müdafiə edir.

Eşqi Bağırova gəlincə, onun fəaliyyəti də o qədər ürəkaçan deyil və yerlərdəki qurumlarla necə işləməsi artıq məhkəmə predmetinə çevrilib. Belə ki, bir müddət öncə–aprel ayının 19-da məhkəmə Bakıda Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) yüksək vəzifəli şəxsinin də adı hallanan cinayət işi ilə bağlı qərar vermişdi.

Bildirilirdi ki, 34 nömrəli tam orta məktəbin sabiq direktoru Rəhman Hacıyevin yaxın qohumu olan Rəfael adlı şəxs 13 il Lənkəranda müəllim işləyən Könül adlı şəxsdən Bakıda sözügedən məktəbdə müəllim vəzifəsinə düzəlmək adı ilə 15 min manat pul alıb.

Könül məhkəmədə bildirmişdi ki, Lənkəran şəhəri, Nərimanabad qəsəbəsində yerləşən orta məktəbdə 13 il müəllim işləyib. 2020-ci ildə yenidən müəllimlik imtanına qatılıb və 51 bal toplayıb. Həmin vaxt ölkədə müharibə şaraiti olduğundan və internet olmadığından o, Bakıda işlə bağlı müvafiq sənədləşməni vaxtında apara və işə qəbul ola bilməyib. Rəfael onun işə düzəlməsi üçün yaşadığı mənzilə gedib.

O, Könülə Rəhman müəllimin ondan 15000 manat pul alacağını və həmin vəsaiti Təhsil Nazirliyində Kadrlar şöbəsinin müdürü (hazırda – İnsan resursları şöbəsinin müdiri) Eşqi Bağırova verəcəyini deyib.

O bildirib ki, Könülü 2021-ci ilin fevral ayının 2-nə qədər işlə təmin edəcəklər. Bu məqsədlə Könül həyat yoldaşı və təqsirləndirilən şəxs Rəfaella birlikdə direktor Rəhman Hacıyevlə məktəbdə görüşüblər.

15 il 34 №-li tam orta məktəbin direktoru işləmiş tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev məhkəmədən təqsirləndirilən şəxsin bibisi Ceyranın nəvəsi olduğunu və zərərçəkmiş şəxslə də görüşdüyünü təsdiqləyib.

Məhkəmənin qərarı ilə Rəfael Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib. Cəzaçəkmə müddətinin əvvəli 16 mart 2023-cü il tarixdən hesablanıb.

Sözügedən hadisəyə görə, elm və təhsil naziri Emin Əmrullayev ötən ilin noyabr ayında Rəhman Hacıyevi 34 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edib.

Şikayətlə bağlı Sənan Mənsimli və Eşqi Bağırovdan münasibət öyrənmək mümkün olmayıb.

7GÜN XƏBƏR ölkə və dünya gündəmindən say-seçmə xəbərləri izləyicilərə qərəzsiz çatdıran müstəqil media qurumudur.

Bizi həmçinin Facebook, YouTube, İnstagram, TikTok, Telegram və Twitter sosial şəbəkələrdə izləmək mümkündür.

Şikayət və təkliflərinizi [email protected] elektron poçtuna göndərə bilərsiz.