Xalid Ağaliyev medianın inkişafı üçün əlverişli mühit olmadığını bildirir
7GÜN XƏBƏR Media Eksperti Xalid Ağaliyevin jurnalistika haqqında qısa yazısını olduğu kimi təqdim edir:"Jurnalistikada ixtisaslaşma vacibdir, ixtisaslaşmış jurnalist müəyyən sahədə, mövzuda gərəkli biliyə, düşüncəyə, bacarıqlara malik olandır. Jurnalistikada ixtisaslaşma həkimlərin ixtisaslaşmasının oxşarıdır. Ürək ağrılarına travmatoloqdan çarə istəmək hansı nəticəni verə bilərsə, səhiyyə və ya idman sahəsində ixtisaslaşan jurnalistdən mədəniyyət və ya məhkəmə sahəsində məzmunlu xəbər, reportaj istəməyin nəticəsi də oxşar olacaq.
Ətrafımız məlumat cəngəlliyidir, ancaq o məlumatların hamısı xəbər ola bilməz. Məzmuna-mənaya-dəyərə malik olan məlumat xəbərə çevrilə bilməlidir. Məlumatı xəbərə çevirən jurnalistin bacarığa, istedada, təcrübəyə malik olması təməl zərurətdir. Məlumatın xəbərə çevrilməsi zamanı jurnalistin anlaşıqlı dildən istifadə etməsi, xəbərin daha geniş kütləyə rahat çatımının şərtidir. Anlaşıqlı dil isə jurnalistin məlumatın aid olduğu sahə haqda biliklərindən asılıdır.
“Jurnalist bütün sahələrdəki məlumatları xəbərə çevirməyi bacarmalıdır” kimi yayğın yanaşma da var, ancaq bütün hallarda jurnalistin mədəniyyət, siyasət, idman, hərb, sülh və ya araşdırma sahəsində ixtisaslaşması, onun xəbər əldə etmə, hazırlama, yayma gücünü ikiqat artıracaq.
Bizdə ixtisaslaşma yoxdur. Çünki bizdə çox şey yoxdur, ən başlıcası da azad media üçün əlverişli mühit. Bu yoxdursa, ixtisaslaşma-filan olmur. Olur e, zahiri olur, aldadıcı olur."