Xalid Ağəliyev: «Bu qayda imkan verir ki, hökumət onun işinə nəzarətçiləri özü seçsin»


Yanvarın 12-də prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.
Fərmanda digər məsələlərlə yanaşı «Media haqqında» Azərbaycan Respublikası qanununun layihəsinin iki ay müddətində hazırlanması nəzərdə tutulmuşdu.


Rəsmi qurumlar qanunun artıq hazır olduğunu bildirirlər. Lakin həmin qanun layihəsi hələ də ictimaiyyətə təqdim olunmayıb. Bəzi məlumatlara görə, layihədə jurnalistlərə vahid jurnalist vəsiqəsinin verilməsi, media orqanlarının isə vahid reyestrə daxil edilməsi nəzərdə tutulur. Bu da müstəqil jurnalistlərin və bloqçuların narazılığına səbəb olub, məsələ ilə bağlı bəyanatlar yayılıb.

7gun.org «Turan»a istinadən xəbər verir ki, bəzi ekspertlərin həmin müddəaları söz azadlığına növbəti basqı kimi qiymətləndirir.
«Media haqqında» qanun layihəsi müstəqil ekspertlərlə müzakirə olunacaqmı? Vahid jurnalist vəsiqəsi və media qurumların reyestrə salınması müstəqil jurnalistlərin, bloqçuların fəaliyyətinə necə təsir edəcək?

Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əhmədov Turan-a bildirib ki, qurumun da daxil olduğu İşçi Qrupu tərəfindən hazırlanmış «Media haqqında» qanun layihəsi müvafiq prosedurlardan keçdikdən sonra təbii ki, dərc olunacaq: «Hazırda qanun layihəsi ilə əlaqədar hazırlanmalı, dəyişdirilməli və ya ləğv edilməli normativ hüquqi aktların siyahısı tərtib edilir. Qanunvericiliyə əsasən «Media haqqında» qanun layihəsi Milli Məclisə təqdim olunacaq, gündəliyə salınıb Parlamentin saytında yerləşdiriləcək və sonra əsas müddəaların müzakirə ediməsi, qanun layihəsinin ümumi konsepsiyasına qiymət verilməsi üçün oxunuşlar başlanacaq».

Qurum rəsmisinin sözlərinə görə, ola bilər ki, elə birinci oxunuşda qanun layihəsi qəbul edilsin və ya söylənilmiş təkliflər, iradlar nəzərə alınmaqla yenidən işlənilməsi üçün geri qaytarılsın və onun üzərində iş davam etdirilsin. «Lakin qanun layihəsinin konkret nə zaman Milli Məclisə veriləcəyini təəssüf ki, dəqiq deyə bilmərəm», - o deyib.

Rüstəm Əhmədov qeyd edib ki, Medianın İnkişafı Agentliyi iki aya yaxındır ki, bütün media subyektləri, jurnalistlər və bu sahənin mütəxəssisləri və ekspertləri ilə «Media haqqında» qanun layihəsini müzakirə edir: «Hazırda media sənayesi təmsilçilərinin bütün təklif və tələbləri qeydə alınaraq ümumiləşdirilmə mərhələsindədir. Qanunvericiliyə əsasən qanun layihələrinin ictimai dinləmələrini və ictimai müzakirələrini aparıcı komitənin tapşırığı ilə Milli Məclisin Aparatı təşkil etməlidir. İctimai dinləmə və ictimai müzakirə məqsədəuyğun hesab edilərsə, dəvət olunacaq şəxslər bu barədə müvafiq qaydada xəbərdar olunacaqlar».

Əhmədov deyib ki, media reyestri haqqında əsas məlumatlar qanunun 8-ci fəslində yer alıb: «Qanunda qeyd olunur ki, media reyestri Azərbaycan Respublikasında media subyektlərinə və onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə yaradılır. Reyestr audiovizual media subyektləri, çap mediası subyektləri, onlayn media subyektləri, informasiya agentlikləri və jurnalistlər bölmələrindən ibarət olacaq».

Agentlik rəsmisinin sözlərinə görə, audiovizual media subyekti barədə məlumatları MEDİA-ya qanunda şərti olaraq Audiovizual Şura adlandırılan qurum tərəfindən təqdim olunacaq: «Çap mediası və ya onlayn media subyektləri, informasiya agentlikləri, həmçinin jurnalistlər isə media reyestrinə daxil edilmək üçün özləri MEDİA Agentliyinə müraciət edəcəklər. Reyestrin aparılması qaydalarını MEDİA müəyyən edir. Reyestrdə media subyektinin adı, loqotipi, hüquqi və faktiki ünvanları, təsisçisi haqqında məlumatlar, onlayn media subyektinin domen adının sahibi haqqında məlumat, jurnalistlərin siyahısı, onların əmək və ya mülki hüquq müqaviləsi, qəzetlərin dövriliyi və birdəfəlik tirajı, məzmunu haqqında və sair statistik məlumatlar yer alacaq».

O vurğulayıb ki, media reyestrinə daxil edilmiş media subyektinə şəhadətnamə, jurnalistlərə isə jurnalist vəsiqəsi veriləcək.

Əhmədov əlavə edib ki, qanunda media reyestrinə daxil edilmək üçün xüsusi tələblər müəyyənləşdirilib: «Media subyektlərinin fəaliyyəti davamlı olmalı, hüquqi şəxsdirsə dövlət reyestrində qeydiyyatda, fiziki şəxsdirsə mütləq fərdi sahibkar kimi vergi uçotunda olmalıdır».

Qurum təmsilçisi vurğulayıb ki, jurnalistlər də xüsusi tələblərə cavab verməlidirlər: «Ali təhsili olmayan və məsələn, ictimai mənəviyyat əleyhinə cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər reyestrə daxil edilməyəcək. Eyni zamanda jurnalistin əmək müqaviləsi olmalıdır və işlədiyi media subyekti media reyestrinə daxil edilmiş olmalıdır. Bundan əlavə, jurnalistika sahəsi üzrə üç ildən az olmayaraq iş stajı olmalı və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərməlidir».

Onun sözlərinə görə, tələblərdən biri də budur ki, jurnalist kimi fəaliyyət göstərdiyi müddətdə peşə etikası (etik davranış) qaydalarına riayət etməlidir. Fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin fəaliyyəti də qanunvericiliyin tələblərinə uyğun olmalıdır».

Əhmədov bildirib ki, media reyestrinə daxil edilmək üçün müraciət etmiş media subyektləri və jurnalistlər tələblərə cavab vermədikdə onların reyestrə daxil edilməsindən imtina edilir: «Eyni zamanda qanunvericiliyin tələbləri pozularsa media reyestrinə daxil edilmiş media subyektləri və jurnalistlər reyestrdən çıxarıla bilər».

O bir daha jurnalist vəsiqəsi mövzusuna qayıdaraq qeyd edib ki, media reyestrinə daxil edilmiş jurnalistlərə MEDİA tərəfindən xüsusi jurnalist vəsiqəsi veriləcək. «Bu o demək deyil ki, MEDİA Agentliyindən jurnalist vəsiqəsi almayan şəxs jurnalist hesab edilməyəcək. Sadəcə, həmin şəxs yalnız öz redaksiyasının təqdim etdiyi vəsiqəni daşıyacaq. Başqa sözlə, MEDİA qanunvericiliyin tələb etdiyi standartlarına cavab verən jurnalistləri vəsiqə ilə təmin edəcək».

Əhmədov əlavə edib ki, jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 ildir: «Vəsiqənin müddəti bitdikdə onu təhvil verməklə yenisini almaq olar. Bu vəsiqələr yalnız yerli jurnalistlərə veriləcək. Xarici jurnalistlərə vəsiqə verilmir. Onlar əvvəlki qaydada Xarici İşlər Nazirliyi tərəfindən razılıq verildikdən sonra Azərbaycan Respublikasında fəaliyyət göstərə bilərlər».

O qeyd edib ki, jurnalist vəsiqəsi verilmiş şəxslər üçün xüsusi güzəşt və imtiyazlar nəzərdə tutulur: «Muzeylərə, qalereyalara və digər mədəni-ictimai tədbirlərin keçirildiyi obyektlərə ödənişsiz daxil olmaqdan tutmuş dövlət orqanlarında akkreditasiya olunmağa qədər. Məsələn, hərbi və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazilərdə kütləvi informasiyanın əldə olunması və yayımı media reyestrinə daxil edilmiş media subyektləri və jurnalistlər, habelə razılıq verilmiş xarici jurnalistlər tərəfindən həyata keçirilə biləcək. Eyni zamanda jurnalist vəsiqəsinin sahibi güzəştli kreditlər də daxil olmaqla, sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə güzəştlərdən yararlana biləcək».

Qurum rəsmisi vurğulayıb ki, qanunun «Media sahəsində fəaliyyətin azadlığı» maddəsində konkret bildirilir ki, Azərbaycan Respublikasında media sahəsində dövlət senzurası, habelə, bu məqsədlə dövlət orqanlarının yaradılması və maliyyələşdirilməsi qadağandır: «Media sahəsində fəaliyyət azadlığı bundan ibarətdir ki, dövlət hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq və yaymaq hüququna təminat verir. Onu da diqqətinizə çatdırım ki, media azadlığı dedikdə yaradıcılıq və redaksiya müstəqilliyi nəzərdə tutulur və bu azadlıq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər».

Bundan əlavə o qeyd edib ki, qanunda media sahəsində dövlətin vəzifələri də konkret qeyd olunur: «Dövlət media sahəsində plüralizm və fəaliyyət azadlığını təmin edir, vətəndaşların informasiya ilə təmin olunması üçün şərait yaradır, medianın inkişafını təşviq edir və stimullaşdırıcı tədbirlər həyata keçirir. «Jurnalistin fəaliyyətinin təminatı» adlı 6-cı maddədə isə qeyd olunur ki, bütün jurnalistlər müstəqillik, peşə borclarını yerinə yetirərkən şəxsi toxunulmazlıq, şərəf və ləyaqətlərini müdafiə etmək hüquqlarına malikdirlər. Qanunda o da xüsusi vurğulanır ki, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək, onların təqib və təzyiqə məruz qalması yolverilməzdir. Bir sözlə, «Media haqqında» qanun açıq-aydın təsdiqləyir ki, media sahəsində fəaliyyət azadlığına təminat verilir və bu azadlığın qarantı Azərbaycan dövlətidir».

Media hüquqçusu Xalid Ağəliyev isə “Azadlıq” radiosuna bildirib ki, qanun layihəsinin tam mətni ictimaiyyətə açıqlanmadıqca layihənin məzmunu haqda mülahizələr irəli sürmək xeyli çətindir: «Həm də layihənin hazırlanmasına beynəlxalq, özəlliklə də Avropa Şurası ekspertlərinin cəlb edilməməsi, rəy üçün müraciət edilməməsi və layihənin israrla qapalı tutulmasının özü də xeyli şübhələr yaradır və qanunun mütərəqqiliyi baxımından nikbinliyi aradan qaldırır».

Ekspert indiyə kimi qanun layihəsi ilə bağlı rəsmilərin dilindən əsasən üç məsələnin açıqlandığına diqqət çəkir: «Qanun layihəsi ilə bağlı rəsmilərin dilindən bizə 3 məsələ bəllidir – bunlar jurnalistlərin vahid vəsiqə qaydasına təbe etdirilməsi, İnternet medianın lisenziyalaşdırılması və mediaların reyestrinin yaradılması, dolayısı ilə jurnalistlərin statusu məsələləridir. Bəlli olan məzmun baxımından hesab edirəm ki, hər 3 məsələ ilə bağlı yanaşma ifadə azadlığı hüququ konsepsiyaları baxımından ciddi mübahisəlidir və ayrı-seçicilik elementləri hiss olunur».

Vahid vəsiqə qaydasının tətbiqinə toxunan Xalid Ağəliyev deyib ki, media, jurnalistika hökumətin fəaliyyətinə ictimai nəzarəti həyata keçirir: «Bu qayda imkan verir ki, hökumət onun işinə nəzarətçiləri özü seçsin. İnformasiya əldə etmək, hazırlamaq, yaymaq Konstitusiya ilə, Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrlə yalnız jurnalistlərə verilən haqq deyil, hər bir vətəndaş bu haqqa sahibdir. Dövlət jurnalistlərin daha effektiv işləyə bilməsi üçün onlara akkreditasiya kimi əlavə imkanlar yaradan tədbirlər görə bilər». Onun sözlərinə görə, vahid vəsiqə qaydasını əlavə imkan yaradılması adı ilə tətbiq etmək doğru deyil: «Qanuna uyğun yaradılan redaksiyalar var, redaksiya siyasəti var, onların vəsiqəsi dövlətin jurnalistika üçün yaradacağı imkanlardan yararlanmaq üçün yetərli olmalıdır».

Televiziya və radiolardakı kimi İnternet televiziyalarının da lisenziya almaq qaydasına tabe etdirilməsini ifadə azadlığı hüququna uyğun saymayan ekspert bütün mediaların vahid reyestrinin yaradılması qaydasından mütərəqqilik qoxusu gəlmədiyini vurğulayıb: «2005-ci ildən bütün dövlət qurumlarının üzərinə vəzifə qoyulub ki, informasiya reyestrlərini yaratsınlar. Məncə, hökumət, Media Agentliyi jurnalistlərə yardımçı olmaq istəyirsə 16 ildir icra edilməyən bu vəzifələrini dövlət orqanlarına xatırlatmalıdılar. Bütün mediaların reyestrinin yaradılması, reyestrə daxil olanların jurnalist sayılması kimi qaydalar çağdaş ifadə azadlığı hüququ baxımından ciddi problemli, ayrı-seçicidir».

O qeyd edib ki, texniki məsələ olaraq, mediaların reyestri onsuz da mövcuddur, hökumətin əlindədir: «Qəzetlər Ədliyyə Nazirliyini bilgiləndirib fəaliyyətə başlayır, sayt vergidən qeydiyyatdan onsuz da keçir və gərəkli bilgiləri təqdim edir. Belə olan halda əlahiddə bir reyestrin yaradılması medianı, jurnalistləri daha rahat kontrol etmək, yönəltmək, sıxma-boğmaya salmaq niyyətindən xəbər verir».