Həbsdəki partiya sədrinin müdafiəsi üçün kampaniya başlayıb
7GÜN XƏBƏR "Turan" a istinadən xəbər verir ki, beynəlxalq Amnesty International hüquq müdafiə təşkilatı Azərbaycanda həbs olunan müxalif siyasətçi və iqtisadçı Qubad İbadoğlunun müdafiəsi üçün kampaniyaya başlayıb.“Qubad İbadoğlunun həbsi və mühakimə olunması hökuməti, siyasi və ictimai fəaliyyəti tənqid etdiyinə, o cümlədən azərbaycanlı korrupsionerlərdən ələ keçirilən xarici aktivlərdən azərbaycanlı tələbələr üçün vəsait ayırmaq istəyən fondun yaradılmasına kömək etdiyinə görə açıq-aşkar qisasdır.
Qubad İbadoğlunun səhhətində ciddi problemlər var və həbsxanada onun həyatı pis şərait və lazımi tibbi yardımın olmaması səbəbindən təhlükə altındadır”, - təşkilatın saytında bildirilir.
Amnesty İnternational təşkilatı həmçinin İbadoğlunun azadlığa buraxılması tələbi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciətin mətnini dərc edir və bütün maraqlı şəxsləri onu imzalayıb Azərbaycan rəhbərliyinə göndərməyə çağırır.
Müraciətdə Q.İbadoğlunun saxta pul satmaqda təqsirli bilinərək həbs edildiyi bildirilir. “Qubad İbadoğlu ağır xəstədir, o cümlədən 2-ci tip şəkərli diabet və hipertoniya xəstəsidir. O, qeyri-insani və ləyaqəti alçaldan şəraitdə saxlanılır, keyfiyyətsiz içməli su və yeməkdən istifadə etməyə məcbur edilir, lazımi dərmanları vaxtında almır. Həbsdə onun səhhəti durmadan pisləşir”, - deyə müraciətdə Q.İbadoğlunun dərhal azadlığa buraxılması, bundan əvvəl isə onun lazımi dərman və qida ilə təmin olunması, işgəncə və pis rəftardan qorunması tələb olunur.
Müraciətdə İbadoğlu və onun həyat yoldaşı İradə Bayramova həbs olunarkən zorakılıq edən şəxslərin cəzalandırılması tələbi də yer alıb.
O, Azərbaycan rəhbərliyinə “dinc hökuməti tənqid edənləri və dissidentləri mühakimə etmək üçün cinayət ədliyyə sistemindən sui-istifadəyə son qoymağa” çağırışla yekunlaşır.