Siyasi məhbusların dərhal azad edilməsi və bütün siyasi motivli ittihamların götürülməsi ilə bağlı çağırış


7GÜN XƏBƏR "Turan"a istinadən xəbər verir ki, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina KALYURAND və Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Jeliana ZOVKO-nun Qubad İbadoğlunun işi ilə bağlı birgə bəyanat yayıb.

“Biz Azərbaycanın tanınmış alimi, müxalifət lideri Qubad İbadoğlunun həbsindən və səhhətinin sürətlə pisləşməsindən ciddi narahatıq. Cənab İbadoğlu 2023-cü il iyulun 23-də saxta pul hazırlamaqda ittiham edilərək həbs edilib. Ona pəhriz qidası və zəruri dərmanlar verilmir. O, ləyaqəti alçaldan rəftara, ailəsi və vəkili ilə məhdud təmaslara məruz qalır ki, bu da onun fundamental hüquqlarının pozulması deməkdir.

Biz Azərbaycan hakimiyyətini onu təcili olaraq lazımi tibbi yardım və dərmanlarla təmin etməyə və dərhal azad etməyə çağırırıq.

Qubad İbadoğlunun işi Avropa Parlamentinin 15 mart 2023-cü il tarixli qətnaməsində qeyd edildiyi kimi, son aylar Azərbaycanda insan hüquq və əsas azadlıqlarının vəziyyətinin pisləşməsindən xəbər verir. Belə ki, Polad Aslanov və Bəxtiyar Hacıyev kimi müxalifət siyasətçiləri, müstəqil jurnalistlər və hüquq müdafiəçiləri şübhəli ittihamlarla həbsdə saxlanılır.

Tanınmış hüquq müdafiəçisi Elçin Sadıqova qarşı davam edən cinayət işindən və onun vəkillik lisenziyasına 6 iyul 2023-cü il tarixindən xitam verilməsindən də təəssüflənirik.

Biz bütün siyasi məhbusların dərhal azad edilməsinə və bütün siyasi motivli ittihamların götürülməsinə çağırırıq.

Biz Azərbaycan hakimiyyətini fundamental azadlıqları və insan hüquqlarını qorumağa çağırırıq və qeyd edirik ki, davamlı olaraq bunu etməmək ölkənin beynəlxalq imicinə və nüfuzuna ciddi ziyan vurur”, - bəyanatda deyilir.