RATİ ictimai fəala qarşı irəli sürülən yeni ittihamlara münasibət bildirdi


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu hakimiyyətin Azərbaycanın tanınmış hüquq müdafiəçisi və ictimai fəal, İctimai Siyasət İnstitutunun rəhbəri Bəxtiyar Hacıyevə qarşı yeni qanunsuz və siyasi motivli ittihamlar irəli sürməsini pisləyir və Azərbaycan rəhbərliyini onu dərhal azad etməyə çağırır.

7GÜN XƏBƏR "Turan"a istinadən xəbər verir ki, bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun iyunun 20-də yaydığı bəyanatda deyilir.

2022-ci il dekabrın 9-dan qondarma xuliqanlıq ittihamı ilə həbsdə olan Hacıyevə qarşı Avropa Demokratiyaya Yardım Fondundan qrant almaqla bağlı yeni ittihamların irəli sürülməsi hakim avtoritar rejim tərəfindən təqiblərin siyasi motivlərini bir daha sübut edir.

Azərbaycanın hüquq-mühafizə orqanları ölkə rəhbərliyinin siyasi sifarişini yerinə yetirərək ictimai layihələrin həyata keçirilməsi üçün Qərb donorlarından qrant almasını qanunsuz biznes, çirkli pulların yuyulması və qaçaqmalçılıq kimi qiymətləndirib və hüquq müdafiəçisinə qarşı siyasi motivli ittihamlar irəli sürüblər, bu ittihamlara əsasən hüquq müdafiəçisini 10 ildən çox həbs cəzası gözləyir, bəyanatda deyilir.

“Hacıyevə qarşı yeni ittihamlar Azərbaycanda vətəndaş cəmiyyətinin qalıqlarına və müstəqil səslərə qarşı repressiyaların növbəti mərhələsinin artdığına dair ciddi siqnaldır”, - Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun icraçı direktoru Emin Hüseynov deyib.

Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamenti kimi Avropa qurumları dərhal Azərbaycan hakimiyyətinə Hacıyevə qarşı siyasi ittihamların qəbuledilməz olması və onun dərhal azad edilməsi tələblərilə bağlı sərt müraciət göndərməlidir.

Hakimiyyət Bəxtiyar Hacıyevə qarşı absurd təqibləri dayandırmasa, rejimin qarşıdakı aylarda növbəti hədəfləri Avropa Demokratiyaya Yardım Fondu və digər Qərb donorlarının dəstəyilə Azərbaycanda fəaliyyət göstərən digər hüquq müdafiəçiləri və fəallar olacaq, bəyanatda qeyd olunur.

İnstitut həmçinin Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Burici və Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçi Azərbaycan hakimiyyətindən Bəxtiyar Hacıyevin cinayət təqibinin dayandırılmasını və onun dərhal azad edilməsini tələb etməyə çağırır.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu xatırladır ki, Bəxtiyar Hacıyev əvvəllər də insan hüquqları və ictimai fəaliyyətinə görə təqiblərə – həbslərə, qaçırılmalara, işgəncələrə məruz qalıb.