Hansı jurnalist Prezidentə bunu deməyə cəsarət edəcək?..


Sözüm şəkildə görünən həmkarlarımadır. Şuşada keçirilən möhtəbər bir tədbirə dəvət almaqla sizin həm də Prezident İlham Əliyevlə birbaşa təmas imkanınız olacaq. Bu fürsətdən istifadə edib, yüzlərlə haqqı tapdanan həmkarlarınızın problemini qabardın.

Prezidentin özü tərəfindən təməli qoyulan və məhz jurnalistlər üçün tikilməsinə Sərəncam verilən binanın media nümayəndələrinə verilməsi ilə bağlı məsələni onun yadına salın. Əminəm ki, bu məsələni olduğu kimi ölkə başçısına mərüzə etmirlər. Hətta onun bu nəcib təşəbbüsü ətrafında sabotaj yaratmaq cəhdləri də var.

Qəti narahat olmayın, Prezident bu təklifinizdən sizə qəzəblənməyəcək, əksinə, müsbət cavab verməklə, bu təklifi verənin adını jurnalistika tarixinə qızıl hərflərlə yazılmasına şərait yaradacaq. Ola bilər ki, fotodakı adamların mənzilə ehtiyacı yoxdur, amma unutmayın ki, siz orada fərd olaraq yalnız özünüzü deyil, həm də bütöv bir media cameəsini təmsil edirsiniz.

Görüm, həm də sizə böyük savab qazanılacaq bu lazımi addımı hansınız atacaqsınız. Fotoda belə bir cəsarətdə olan bir neçə həmkarımı görürəm. Təki bizi məyus etməyin. Gəlin, bu son şansdan, medianın xeyrinə istifadə etməyi bacaraq…

Məhəmmədəli Qəribli