Təhsil İdarəsində tayfabazlıq, korrupsiya və daha nələr…-DE-FAKTO
Abşeron-Xızı Regional Təhsil İdarəsində törədilən qanunsuzluqlar – və ya milli təhsil sistemində aparılan islahatlar İlhamə Abdullayeva tərəfindən necə sabotaj edilir?!Redaksiyamıza Sumqayıt şəhər sakini, Silahlı Qüvvələrin istefada olan zabiti Rzayev Vidadi Əsədulla oğlunun Abşeron-Xızı Regional Təhsil İdarəsinin tayfabazlıq prinsipi ilə idarə olunmasından, ciddi korrupsiya faktlarından və s. bəhs olununan yazısı daxil olub. Yazıda yer alan iddialarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.
Aktuallığını nəzərə alıb, yazını olduğu kimi dərc edirik: Milli Təhsil Sistemində aparılan islahatların Dövlət Rəhbərliyinin təhsilin keyfiyyətini daha da artırmaqla, Milli Dövlətçiliyimizin tərəqqisinə və daha da qüdrətlənməsinə hesablanmış bir addım olduğunu düşünmək istərdik. Amma təəssüflər olsun ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin (AXRTİ) yarandığı gündən indiyə qədərki fəaliyyətini araşdırsaq, bu idarənin misalında, Şəhər Təhsil Şöbələrinin, Regional Təhsil İdarələrinə çevrilməsi ilə heç bir keyfiyyət dəyişikliyi baş vermədiyinin, əksinə, vəziyyətin daha da pisləşərək, acınacaqlı bir hal aldığının şahidi olarıq. Məsələn, öncə yalnız Sumqayıt şəhərinin işlərini aparan və öncəki rəhbərliklərin dövründə işə qəbul edilən bir neçə işçi, indi gecə-gündüz demədən bütün regionun işlərini aparmağa məcbur və məhkumdur, katorqa əməyi qədər ağır işdən, üzr istəyirəm, normal insan aurasını itirib, zombiyə çevrilməkdə olan bu biçarələrin qazancları isə əvvəlki maaşlarından əlavə, İlhamə xanımın onlara həmkarların büdcəsindən “lütf etdiyi” bayram hədiyyə və qonaqlıqları, bir də istirahətsiz və fasiləsiz ağır oturaq işdən bel və boyun fəqərələrində yaranıb, həyatlarını cəhənnəmə çevirən disk yırtıqlarıdır. Yeni işə götürülən işçilərin nə etdiklərini isə özlərindən və İlhamə xanımdan soruşmaq lazımdır, çünki onlar, eşitdiyim qədərilə, ümumiyyətlə təhsil sahəsinə aidiyyəti olmayan və bu sahədə nə isə etməyə kompetensiyaları yetməyən kimsələrdir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa görə, Dövlət Qulluqçusu statusu almaq üçün, müvafiq imtahanlar verib, sertifikasiya olunmaq şərtdir. Lakin nədənsə Abşeron-Xızı Regional Təhsil idarəsində bu qanuna əməl olunmur. İdarə yarandığı gündən indiyə qədər işə qəbul edilmiş heç bir şəxs bu prosesdən keçməmişdir. Belə ki, İdarə üzrə ən azı 30 vakant yer olsa da, bu yerlərə şəffaf və açıq şəkildə qəbul elan olunmaq əvəzinə, öz tanış -bilişlərini bir illik müqavilə ilə işə götürürlər.
Sual olunur: niyə vakant vəzifələr haqqında elan verilərək, sertifikasiyadan keçmiş ölkə vətəndaşlarının şəffaf şəkildə müvafiq Dövlət Qulluğu vəzifələrinə qəbulu həyata keçirilmir, faktiki olaraq bu vakansiyalar gizlədilir, əcəba Azərbaycanda kadr qıtlığı yaşanır, yoxsa ölkə universitetlərinin müvafiq ixtisaslar üzrə hazırladığı gənc və istedadlı mütəxəssislər daha yaxşı vəzifələrə təyinat aldıqları üçün AXRTİ-nə rədd cavabı verirlər?! Bunun belə olmadığını indi Azərbaycanda hamı bilir. Tam tərsi, öz ixtisası üzrə layiqli iş tapa bilmədiyi üçün hər il ən istedadlı gənclərimiz dünyanın müxtəlif ölkələrinə üz tutur, ölkədən ciddi və gələcək üçün ağır fəsadları olacaq beyin axını baş verir.
Abşeron-Xızı Regional Təhsil idarəsin müdiri İlhamə Abdullayeva, Bakı şəhərindəki məktəblərdə direktor vəzifəsində çalışan yaxın qohumları Arifə Balakişiyevanı Xırdalan şəhəri 1 saylı orta məktəbə, Gülnaz Kərimovanı Xırdalan şəhəri 2 saylı orta məktəbə direktor vəzifəsinə yerdsəyişmə edib. Sevinc Allahverdiyevanı (Arifə Balakişiyevanın doğma bacısı) da Sumqayıt şəhəri 36 saylı orta məktəbə direktor əvəzi təyin edib. Qeyd etməliyəm ki, Sevinc xanımın Nicat adlı oğlunu da İlhamə xanım “öz idarəsində” təsərrüfat müdiri, yəni Abşeron rayonu üzrə TİQ-in rəisi vəzifəsinə təyin etmişdir. Sual olunur, bütün bu təyinatlar verilərkən, Korrupsiya haqqında Qanunvericiliyin, Maraqların toqquşması haqqında Prinsiplərin Tələbləri kobud şəkildə pozulmayıbmı? Üstəlik, bu, həmin Sevinc xanımdır ki, 2021-ci ildə barəsində dələduzluq maddəsilə cinayət işi açılmış Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın müavini (və deyilənlərə görə “sağ əli”, yəni cinayət ortağı) olub və onu da, yoxlama zamanı, Samirə xanım tərəfindən direktor müavini vəzifəsinə qanunsuz gətirildiyi aşkar olunduğu üçün, Təhsil Nazirliyinin göstərişi ilə, həmin vəzifədən kənarlaşdırıblar, amma görünür humanizm prinsipləri ilə, cəmi 6 saat dərs verilməklə, müəllim kimi məktəbdə saxlayıblar. Və İlhamə xanımda hünərə, cəsarətə baxın ki, qeyri-qanuni şəkildə işə götürüldüyü rəsmən təsdiqlənmiş, heç bir müvafiq imtahandan, yoxlamadan keçməmiş bu xanımı, kənardan gətirib, 36 saylı məktəbə direktor əvəzi təyin edir; məgər o məktəbin özündə direktor müavini yox idi, yaxud bu işə Sumqayıtda daha layiqli olan bir müəllim tapılmırdı?!)
Ümumiyyətlə, niyə İlhamə xanım bu vəzifələrə məhz özünün yaxın qohumlarını gətirməlidir, bu, idarəçilikdə tayfabazlığın bəsit bir təzahürü deyilmi və geniş bir korrupsiya şəbəkəsi qurmağa yol açmırmı?
İ. Abdullayevanın büdcə vəsaitlərini israf etməsi, Həmkarlar birliyinin vəsaitlərini isə az qala şəxsi vəsaiti kimi, təyinatından kənar nəsnələrə sərf etməsi, onun bu əməllərindən əziyyət çəkən müəllim-işçi heyətinin də ciddi narazılığına səbəb olur. Aşağıdakıları misal gətirə bilərəm:
– Sumqayıt şəhərində təmirə ciddi ehtiyacı olan (14, 10, 15, 16, 26, 27, 33, 34, 37, 38, 39 saylı), hətta qəzalı vəziyyətdə (TTEL, 36 saylı məktəb, sonuncu qəzalı vəziyyətdə olduğu üçün üç ildir ki, bağlanıb, şagirdlərə müvəqqəti “İstək” liseyində dərs keçilir) məktəblər var ikən, 2018-ci ildə əsaslı təmir olunmuş Regional İdarənin inzibati binasının yenidən əsaslı təmirə bağlatdırmasi (arqumentləri belədir ki, əvvəl Təhsil Şöbəsi idi, indi Regional İdarə olub. Axı TŞ-nin binası Regional İdarəyə çevrilərkən, onun binası 3 rayona görə böyüdülüb 3-4 mərtəbə olmayıb ki, elə 2 mərtəbə də qalıb, sadəcə birisi orada özü üçün komfort şərait yaradır);
– 8 Mart bayramında Regional İdarənin hər bir qadın işçisinə Həmkarların büdcəsindən parfumeriya dükanının 50 manatlıq kartını hədiyyə etməsi (Bu, belə baş verib: Həmkarların xətti ilə Parfumeriya mağazasına vəsait köçürülüb, onlar da hədiyyə qutusuna 50 manatlıq kart qoyublar, paylayıblar işçilərə. Həmin kartı mağazaya təqdim edən şəxs 50 manat civarında nə istəsə götürsün deyə);
– İdarənin 90% yeni işçilərdən təşkil olunmuş heyətinə Həmkarların xətti ilə, Xəlil adlı dayısına məxsus “Qərb” şadlıq sarayında, dəbdəbəli bir Novruz şənliyi təşkil etməsu (tanınmış müğənnilər, bolluca yeyib içmək və s. Restorana ödəniş də, “təbii ki”, Həmkarların büdcəsindən edilib);
Sual olunur: Hansı xidmətlərinə görə?! Axı illərdir işləyib sağlamlığını təhsilə qoyan müəllimlərin boğazindan kəsib həmkarlara ödədiyi puldan ozləri istifadə edə bilmirlər, yardım üçün müraciət etdikdə çox vaxt rədd cavabı, yaxud qəpik-quruş alırlar, amma yeni yaranan idarənin işçiləri o pulun hesabına yeyir, içir, şənlənirlər.
Belə bir paralel aparaq: Sumqayıt Şəhəri İcra Hakimiyyəti Başçısı da vaxtaşırı bənzər tədbirlər keçirib. Amma cənab Zakir Fərəcov hər il müəllimləri, təkrar edirəm, aparat işçilərini deyil, məhz müəllimləri yığıb, hansısa şadlıq sarayında möhtəşəm və səviyyəli tədbirlər keçirirdi və o tədbirlərdə əyyaşlıq faktları qeydə alınmırdı. İlhamə xanım müəllimlərin pulu ilə müəllim olmayan region işçilərinə eyş-işrət məclisi keçirir və…
Üstəlik cənab Zakir Fərəcov bu il heç bir tədbir keçirmədi. Bilirsiniz, niyə? Ölkədəki mövcud vəziyyətə görə. Cəbhədə baş verənlərə görə,
ŞƏHİDlərimizə görə! Nə müəllim günü, nə də 8 mart tədbirləri! Çox yığcam, musiqisiz tədbirlər kecirib təbrik etdi!
Məktəblərin nəzdindəki BUFETLƏRİN işlədilməsi ilə bağlı da qaranlıq məqamlar yetərincədir.
Deyilənlərə gorə, Abşeronun 41, Sumqayıtin 46, Xızının 17 məktəbinin BUFETLƏRİ hansısa MƏCHUL bir ŞİRKƏT tərəfindən MÜQAVİLƏSİZ işlədilir, dövlət büdcəsinə də pul KÖÇÜRÜLMÜR.
İşçilərlə ƏMƏK MÜQAVİLƏSİ bağlanmadığını, pulların isə ƏLDƏN-ƏLƏ ötürülduyunu söyləyənlər də var!
Bu deyilənlər həqiqətdirsə, onda cənab Emin Əmrullayevin QƏFLƏTİNƏ və xanım İlhamə Abdullayevanın CƏSARƏTİNƏ ancaq HEYRƏT edə bilərik!
İlhamə xanım yol verdiyi qanunsuzluqları rəhbərlikdən gizlətmək üçün də vaxtaşırı “qabaqlayıcı tədbirlər” görür. Belə ki, 2023-cü il yanvarin 27-si Sumqayıt şəhərində Elm və Təhsil naziri Emin Əmrullayevin qəbulu keçirildi. Əslində isə bu, qəbul adına tam bir Rəzalət idi! Şikayətçiləri 1-ci mərtəbədəki akt zalına toplayıb, “filtrasiya”ya başladılar. Öz adamlarını qəbula buraxıb, qalanlarını gözlətdilər. Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları və Nazirliyin bəzi əməkdaşları xüsusi canfəşanlıq göstərməklə, müxtəlif bəhanələr uydurmaqla, İlhamə Abdullayeva xanıma “təhlükə” kimi gordukləri əsas şikayətçiləri, o cümlədən məni və həyat yoldaşımi – Qazi Zabitin ailəsini – qəbula buraxmadilar. Saat 15:00 radələrində isə eşitdik ki, cənab Nazir çıxıb gedib. Mahiyyətcə isə heç kimə fərq qoymadan, hamını barmaqlarına dolayıb, ələ saldılar. Bəlkə də cənab Naziri, “Qəbulda daha adam qalmadı”, deyə aldadaraq, yola saldılar, amma bunu biz bilməyəcəyik. Bir sözlə, bu, Abşeron-Xızı Regional Təhsil İdarəsi rəhbərliyinin ciddi surətdə düşünülmüş, hazırlanmış, planlaşdırılmış və “peşəkarcasına” həyata keçirilmiş tam bir “tədbirlər kompleksi” idi, “müqəddəs” Vəzifə Kürsülərini müdafiə adına. Mənə görə isə Böyük Rəzalətdən başqa bir şey deyildi…
Sonda onu qeyd etmək istəyirəm ki, bütün bu yazdıqlarım aysberqin sadəcə görünən hissəsidir, İ. Abdullayevanın iş prosesində yol verdiyi qanunsuzluqları tamamilə üzə çıxarıb, Milli Təhsil Sistemimizə vurduğu bütün maddi və mənəvi zərərləri hesablamaq üçün səlahiyyətli bir komissiyanın yaradılıb, bir an öncə işə başlamasına böyük zərurət çoxdan yaranmışdır. (Yeni xəbər)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Hadisə & problemlər barədə bizə yazın: E-mail: [email protected]