Nazirin “süddən yanıq” islahatı:İlyas Hacıyevi kimlər qoruyur?


Adı daim korrupsiyada hallanan 66 yaşlı Bərdə Regional Mədəniyyət İdarəsinin rəisinin hələ də iş başında olmasının arxasında kimlər dayanır?!

Anar Kərimov Mədəniyyət naziri təyin ediləndən sonra nazirliyin strukturunda kadr islahatlarına başlayıb. Aparılan bu islahatlarda sabiq nazir Əbülfəz Qarayev və onun korrupsioner komandasının üzvüləri bir-bir vəzifələri ilə vidalaşırlar. Məlum olduğu kimi son 10 ildə Mədəniyyət Nazirliyində korrupsiya tüğyan halına gəlib çatmışdı. 2017-ci ildə yaradılan Regional Mədəniyyət İdarələri isə sözün həqiqi mənasında korrupsiya yuvalarına çevrilmişdi. Anar Kərimov nazir əvəzi kimi vəzifəsinin icrasına başlayan kimi ilk işi nazirlikdə və Regional Mədəniyyət İdarələrində illərlə kök atmış korrupsiya şəbəkəlrini dağıtmağa başladı. Məhz 8 ay müddətində Regional Mədəniyyət İdarələrinin rəisləri vəzifələrindən uzaqlaşdırıldı və onların yerinə korrupsiyaya bulaşmamış gənc kadrlar təyin edildi.

7gun.org “AzFakt”a istinadən xəbər verir ki, Anar Kərimov Mədəniyyət naziri təyin edildikdən sonra qurumda islahatların sürəti hansısa bilinməyən səbələrdən azaldı.

Təəssüf doğurucu haldır ki, hələ də adı müxtəlif qalmaqallarda və korrupsiya maxinasiyalarında çəkilən şəxslər vəzifələrinin başında işlərini davam etdirirlər.

Belə məmurlardan biri də Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevdir. Bütün regional idarələrin rəisləri vəzifəsindən çıxarılsa da İlyas Hacıyevə nədənsə toxunan yoxdur. İnternet axtarış sistemində İlyas Hacıyev adını yazanda onun haqqında yüzlərlə korrupsiya yazılarına və şikayətlərinə rast gəlməmək mümkün deyil.

Aldığımız məlumata görə 65 yaşını keçən il qeyd edən İlyas Hacıyev hazırda Bərdə Regional Mədəniyyət İdarəsində uzadılmış müqavilə əsasında rəis vəzifəsində işləyir.

Məlumatda daha ilginc məqam isə İlyas Hacıyevin arxasında bir zamanlar Ulu Öndər Heydər Əliyevin, daha sonralar isə Prezident İlham Əliyevin köməkçisi vəzifəsində çalışan, dövlətin yuxarı instansiyalarında böyük nüfuzə sahib olan Taryel Ağayevin dayandığı iddia edilir. Belə ki, İlham Hacıyevin vəzifə pillələrində yüksəkilişi məhz Taryel Ağayevin yeznəsi və əmisi oğlunun Bərdə rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışdığı illərə təsadüf edir.

İlyas Hacıyevin bu əlaqəsindən isə yeri gələndə hazırkı İcra başçısı Vidadi İsayevin də yararlandığı deyilir.

Xatırladaq ki, 2020-ci ildə Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Keçirilən əməliyyat-istintaq zamanı Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, xidmət rəisi Zakir Sultanov həbs edilib.Mədəniyyət Nazirliyində keçirilən əməliyyatla bağlı yayılan rəsmi video məlumatda Regional Mədəniyyət İdarəsi rəislərinin hər ay Rafiq Bayramova külli-miqdarda rüşvət verdikləri ilə bağlı siyahıda üzə çıxarılmışdır. Həmin siyahıda Bərdə Regional Məədniyyət İdarəsinin rəisi İlyas Hacıyevin ayda nazir müavini Rafiq Bayramova 5000 (beş min) manat verməsi qeyd edilib.

Siyahıda adı keçən bütün Regional Mədəniyyət İdarə rəislərinin işdən çıxması ancaq İlyas Hacıyevin pensiya yaşı çatmasına rəğmən vəzifədə saxlanılması qaranlıq məqamlardan xəbər verir.

Belə ki, ya gənc nazir Anar Kərimov doğrudan da İlyas Hacıyevi unudub, ya da Bərdə Regional Mədəniyyət İdarəsi rəisini nazirdən də güclü bir qüvvə qoruyur.

İnanırıq ki, bizim yazımızdan sonra İlyas Hacıyev gənc nazir Anar Kərimovun yadına düşəcək.

Qeyd edək ki, İlyas Hacıyev Bərdə Regional Mədəniyyət İdarəsinə 2017-ci ildən rəhbərlik edir. Ondan əvvəl isə Bərdə Mədəniyyət idarəsinin rəisi olub.

Ölkə mətbuatında İlyas Hacıyevin Bərdə icra başçısı Vidadi İsayevin ən yaxın adamı olmaqla bərabər, həmçinin başçının “qara kassası” olduğu barədə çoxsaylı məlumatlar dərc edilib.