DYP rəisinin qanun və etimad “ALVERİ” –
Tərtər rayonunda əhaliyə qənim kəsilən yeni DYP rəisi peyda olub.Yerli sakinlərdən "KAİM"-a verilən məlumata görə, Tərtər rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni təyin edilən rəis İldırım Alıyev vəzifəyə gələn gündən Azərbaycan Respublikasının müvafiq yol hərəkəti qanunlarının “alqı-satqı”sına başlayıb.
Belə ki, müəyyən bəhanələrlə saxlanılan avtomobil sürücülərinə ilk öncə hədə-qorxu yolu ilə yüklü cərimələrin yazılacağı deyilir, sürücüləri qanundankənar vəsait ödəməsinə razı saldıqdan sonra isə həmin qanunlardan və cərimə təzyiqlərindən əsər-əlamət qalmır.
Sanki, əvvəlcədən planlaşdırılmış kimi, əlinə keçirdiyi qanuni gücdən qanunsuz istifadə halına dərhal başlayan DYP rəisi polis mayoru Samir Məmmədov ilə də iş birliyi içərisindədir.
Bildirilir ki, saxlanılan sürücülər Samir Məmmədova yönləndirilir. Sözügedən polis mayoru isə rüşvət almaq məqsədilə həm özündən qayda pozuntusu “icad edir”, həm də real qayda pozuntularını “qanuniləşdirir”.
Belə faktlardan biri ilə “Niva” markalı avtomobilin sürücüsü də rastlaşıb.
Məlumata görə, avtomobilinin “peredok”unun kəsik olması səbəbindən saxlanılan sürücü uzun dirənişlərdən sonra İldırım Alıyevin göstərişi ilə Samir Məmmədova 100 manat məbləğində rüşvət verməli olub.
Görünür, İldırım bəy həm ölkə başçısı cənab İlham Əliyəvin, həm də Daxili İşlər naziri cənab Vilayət Eyvazovun dəfələrlə, kəskin mövqedə dayanaraq etdiyi xəbərdarlıqları ciddiyə almaq istəməyib.
Belə halların qarşını almaq üçün dövlət tərəfindən keçirilən islahatlar əminik ki, Tərtər rayonunda da öz bəhrəsini verəcək.
7GÜN TV olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!