Sakinlər: "Evlərimizin qarşısını heç bir icazə olmadan hasarlayırlar” - VİDEO


Paytaxtın Nərimanov rayonu Nəsibbəy Yusifbəyli 51-53 ünvanının sakinləri daşınmaz əmlaklarının yaxınlığında tikinti işlərinin aparıldığını və son dərəcə təhlükəli vəziyyətin yarandığını bildiriblər.

Məhəllə sakinlərinin dediyinə görə, onların qapı-pəncərələrinin önü qeyri-qanuni yolla hasarlanıb.

Sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin 166 nömrəli sərəncamını əsas göstərərək onların yaşayış tikililərinin real təhlükə altına salındığını qeyd edirlər.

Sözügedən məhəllə sakini Eynulla Süleymanlı qanunsuz hasarlama və tikinti ilə bağlı dəfələrlə müraciətlər etdiklərini və nəticəsiz qaldığını deyib.

"Məhəlləmizdə qanunsuz tikinti işləri 6-7 il öncə başlayıb. Evlərimizin qarşısını heç bir icazə olmadan hasarlayırlar. Bu da qanun pozuntusudur. Bütün aidiyyatı qurumlara müraciət etmişəm. Rayon icra hakimiyyətindən gəlib baxdılar, dedilər, qanunsuzdur. Tikintini həyata keçirən "Zirvə-A” MTK-nın təqdim etdiyi sənəddən nə Nərimanov Rayon İcra Hakimiyyətinin, nə də Bakı Şəhər İcra Hakimiyyətinin xəbəri var. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşmüşəm, şikayətimi ona çatdırmışam. Mənə deyirlər ki, araşdırma aparırıq. Hər dəfə müraciət edəndə biganə yanaşırlar. Aprelin sonlarından etibarən hasarlanma başlayıb. Son dəfə təxminən 30-40 imza ilə şikayətimizi bütün lazımi qurumlara göndərdik. Hələ də pozulan hüquqlarımız bərpa edilmir. Ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin qəbul şöbəsinin rəisinin qəbulunda oldum. Dedi ki, məhəllənizdəki tikinti işləri tam qanunsuzdur. Məhəllə sakinlərindən biri nəsə tikmək istəsə yerindəcə sökərdilər, amma bu qansuz tikintiyə heç nə etmirlər. Orada ot yaşamır, insanlar yaşayır. Bütün aidiyyəti orqanlardan tələb edirəm ki, bu qanunsuzluğa son qoyulsun. Türmələrdə, həbsxanalarda belə pəncərə ilə qoruyucu hasar arasında ən azı 10 metr məsafə var. Bizdə 2 addımlıqda vətəndaşların pəncərələrinin qabağına hasar çəkiblər. Despot vəziyyət yaradıblar".

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin aidiyyatı şöbələri ilə əlaqə yaratmaq istəsək də, mümkün olmadı.

Tikinti fəaliyyətini yerinə yetirən "Zirvə-A” MTK da zənglərimizi cavabsız qoydu. /Yeniavaz/