Birinci qrup əlil Emin Əhədovun döyülməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət olundu
Məlum olduğu kimi təxminən 42 gün öncə Masallı rayonunun mərkəzində rayon sakini birinci qrup əlil Emin Əhədov Azər və Spartak Nadirov qardaşları tərəfindən döyülüb. Nəticədə zərərçəkmiş müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.Fakt üzrə Masallı Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə cinayət işi başlanılıb və araşdırma davam etdirilir. Bunu DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev mətbuata açıqlamasında bildirib. O, qeyd edib ki, Emin Əhədovun aldığı xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün ilkin ekspertiza rəyi onun stasionar qaydada müalicə aldığı müddətdə verilib və müalicəsi artıq başa çatdığından əlavə ekspertiza təyin ediləcək. Həmin ekspertizanın rəyindən və aparılacaq araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Artıq bu hadisə rayon ictimaiyyəti arasında ciddi narazılıq yaradıb. İnsanlar Azər və Spartak Nadirov qardaşlarının hələ də məsuliyyətə cəlb edilməməsindən narahatlıqlarını ifadə edirlər. Onlar sözügedən şəxslərin hüquq mühafizə orqanlarının yüksək vəzifəli şəxsləri tərəfindən ciddi himayə olunduqlarını, elə buna görə də məsuliyyətdən kənarda qaldıqlarını bildirirlər.
Bu arada rayon ağsaqqalları, ziyalıları, şəhid ailələri və Qarabağ qaziləri birinci qrup əlil Emin Əhədovun döyülməsi, istintaqın qərəzli və qeyri-obyektiv aparılması ilə bağlı prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə və Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət ediblər. Onlar bu hadisənin nəzarətdə saxlanılmasını xahiş edirlər.
Qeyd edək ki, birinci qrup əlil Emin Əhədovun döyülməsində adı hallanan Azər və Spartak Nadirov qardaşları bu günə qədər mətbuatda barəsində yazılanlara münasibət bildirməyiblər.
Bütün hallarda biz 7GÜN TV olaraq onların da mövqeyini dərc etməyə hazırıq.
Aygün MustafayevaŞahidi olduğunuz hadisələr və sizi narahat edən problemlər barədə bizə yazın.WhatsApp: +491630019678
E-mail: [email protected]