Lənkəran yollarından üzərində “Z” yazılmış rus tankları keçib


Lənkəran şəhərinin yollarının gününə oturub ağlayan lazımdır. Şəhərin əksər küçələri, mərkəzi yolları, ara məhəllələri, mühüm əraziləri – hansı səmtdən hansı yana getsən yollar darmadağın, bərbad, çala-çuxurdur. Sanki Lənkəran yollarından üzərində “Z” yazılmış rus tankları keçib.

Hətta Ukraynaya girən rus ordusu belə şəhərlərin yollarını bəlkə bu cür dağıdıb, məhv etməyiblər, amma cənub diyarında gündüz əldə çıraq gəzib hamar asfalt tapmaq mümkün deyil.

TİA.Az-a yerli sakinlərin verdiyi məlumata görə, Lənkəranın bütün yolları demək olar ki, yamaq-yamaq, dağım-dağımdır. Sakinlərin sözlərinə görə, istər mərkəzi bazar yolları, istər bazara gedən yol, istər Qala xiyabanı, istər dəmiryol vağzalı, istər Heydər Əliyev prospekti, istər Tağıyev küçəsi, həmçinin Səttarxan küçəsi, Şəhidlər Xiyabanı, avtovağzal istiqaməti, mikrorayonlar, bir sözlə, Lənkəran yolları başdan-başa kələ-kötür, bərbad, keçilməz vəziyyətdədir. Ümumiyyətlə, şəhərdə avtomobil sürmək faciədir və sürücülər hər ay maşınlarını təmir sexlərinə aparmağa məcbur olurlar. Amma sakinlər bildirirlər ki, müvafiq qurumlar tükünü tərpətmir. Sakinlər deyirlər ki, Lənkəranın 42 və 48 saylı yol istismar idarələri yol pullarını yeyiblər, şəhəri rus ordusunun girib viran qoyduğu Xersona, Xarkova çeviriblər. Bundan əlavə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də heç bir iş görmür. Eyni zamanda, Lənkəranda oliqarx kimi tanınan, asfalt zavodun rəhbəri Raqub Həsənovun rəhbərliyi altında fəaliyyət göstərən 7 saylı Magistral-Yol İstismar İdarəsi MMC də yenidənqurma işləri həyata keçirmir. Ona görə yolları kimin asfaltlamalı olduğunu artıq heç kim bilmir, çünki qurumlar üzərinə düşən vəzifəni yerinə yetirmirlər. Lənkəran camaatı zarafatla danışır ki, yolların asfaltlanması işini kənd təsərrüfatı nazirinə tapşırmaq lazımdır, aidiyyatı qurumlar öz işini görən deyil.

7GÜN TV