Jurnalist və ictimai fəal 15 sutka həbs edilib
Oktyabrın 15-də jurnalist və ictimai fəal Anar Abdullayev Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.Məhkəmə onu 535.1-ci (polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilib. 7gun.org xəbər verir ki, bu barədə Turan-a Abdullayevin vəkili Zibeydə Sadıqova bildirib.
O qeyd edib ki, Abdullayev hələ dünən saxlanılıb. "Bu gün məhkəmədə polis əməkdaşı bildirib ki, dünən Anar Abdullayev sosial şəbəkədə yazdığı şərhlə bağlı profilaktik söhbət üçün Nərimanov Rayon Polis İdarəsinə çağırılıb. Oradan onu 18-ci bölməyə aparıblar. Orada o, "polisə tabe olmayıb", "ünvansız söyüş söyüb", ona görə də ona qarşı protokol tərtib edilib. Anar isə polisə tabe olmamaq barədə iddiaları rədd edib. O bildirib ki, şərhə görə çağırılıb və ona psixoloji, fiziki təzyiq göstəriblər", - vəkil deyib. Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya verəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turan-a bildirib ki, Abdullayevə fiziki təzyiq göstərilməsi barədə iddialar əsassızdır və həqiqətə uyğun deyil.