"Kor burda, ya Bağdadda” nə fərqi var ki?


Jurnalist Cavid Şirəliyev Masallı rayonunun sosial-iqtisadi problemləri barədə Prezident İlham Əliyevə müraciət edib. Bu barədə onun özü məlumat verib.

O, müraciətində yazıb ki, 2019 -cu ildə Rafil Hüseynov Masallı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsindən azad olunanda bilirsiniz sakinlər nə qədər sevinirdi? Həmin vaxt hər kəsin üzündə təbbəssüm var idi. O günü insanlar xüsusi təmtəraqla qeyd edirdilər. İnanın ki, onun gedişi münasibəti ilə hətta qurbanlar da kəsilirdi. Rayon sakinləri böyükdən kiçiyə hər kəs "Allah cənab Prezidentin canını sağ eləsin, onu qorusun, bizi belə şərəfsizin zülmündən xilas etdi",-deyə bir-birlərinə gözaydınlığı verirdilər.

Sirr deyil ki, Rafil Hüseynovun icra başçısı olduğu müddətdə Masallı rayonunun sosial-iqtisadi problemləri daha dərinləşdi. Deyilənlərə görə o, fəaliyyəti dövründə rayonun sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitləri dədə malı kimi mənimsədi. Rafil Hüseynovun bu və digər qanunsuz əməl və hərəkətləri barədə ölkə mətbuatında, sosial şəbəkələrdə kifayət qədər materiallar yayımlandı. Prezident Adminstrasiyasına çoxsaylı ərizə və şikayətlər göndərildi. Ancaq onu himayə edənlər bütün proseslərin qarşısını ala bildilər. Rafil Hüseynov icra başçısı kimi Masallı rayonunda heç də yaxşı imic qazana bilmədi. Bu da arzuolunan hal deyil. İnanıram ki, o, elə Ağcəbədi rayonunda da yaramaz əməllərini davam etdirir. "Kor burda, ya Bağdadda” nə fərqi var ki?.

Cavid Şirəliyev daha sonra qeyd edir ki, Rafil Hüseynovla Şahin Məmmədovun yeri dəyişdi. Onlar bir-birini əvəzlədi. Ancaq başqa heç nə dəyişmədi: “köhnə hamam, köhnə tas”… Axı nə vaxt olub ki, toplananların yerini dəyişəndə cəm dəyişsin? Açığı, bəziləri Şahin Məmmədovun Rafil Hüseynovla müqayisədə daha yaxşı olacağına, rayonun sosial-iqtisadi problemlərinin həlli istiqamətində konkret addımlar atacağına ümidli idilər. Cavid Şirəliyev əlavə edir ki, Şahin Məmmədovun Ağcəbədi rayonundakı fəaliyyətinə azdan-çoxdan bələd olan bir jurnalist kimi ondan müsbət gözləntim yox idi və onun yaxşı işlər görəcəyinə inanmırdım. Atalar yaxşı deyib ki, görünən kəndə bələdçi lazım deyil. Ölkə mətbuatından və sosial şəbəkələrdən onun da rüşvətxor və dövlət vəsaitlərini həzm-rabedən keçirən icra başçılarından biri olduğunu bilirdim. Şahin Məmmədov korrupsioner olmasaydı, milyonlara və külli miqdarda daşınmaz əmlaklara necə sahib ola bilərdi?

“Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun yarıtmaz fəaliyyəti rayonda ciddi sosial-iqtisadi problemlər yaradıb. İşsizlik pik həddə çatıb. Rayonun gəncləri günlərini çayxanalarda keçirirlər. Məhz bunun nəticəsidir ki, gənclər arasında kriminal mühitə maraq artıb. Hətta, belə bir məlumat da var ki, imkansızlıqdan ailələr dağılır. Qadınlar əxlaqsızlığa meyl göstərirlər. Buna inkişaf demək olarmı? Cənab Prezident, dəqiq bilmirəm Sizə necə məlumat verilir, amma Masallı rayonunda insanlar yaşamır, sürünür.

Ölkə mətbuatında və sosial şəbəkələrdə yayılan məlumatlara görə, rayonun abadlaşması üçün daşı daş üstə qoymayan Şahin Məmmədov qonşu Gürcüstanda dəyəri milyon dollarla müqayisə olunan obyektlər tikdirir. Bu hələ son yayılan məlumatdır. Məlumat icra başçısı tərəfindən təkzib olunmayıb. Necə təkzib edə bilər ki? Axı belə bir deyim var: "Od olmayan yerdən tüstü çıxmaz". Əslində hökumət səviyyəsində Şahin Məmmədova sual verilməli idi ki, bu nə məlumatdı, sənin başçısı olduğun rayonda insanların yaşayışı, ümumi vəziyyət bərbad olduğu halda, səndə bu qədər pul-para hardandır və.s?.

Cənab Prezident, Siz, demək olar ki, hər çıxışınızda rüşvətxor və korrupsioner məmurları kəskin tənqid edirsiniz. Onlara düz yola qayıtmalarını, normal işləmələrini tapşırırsız. Təəssüf ki, Şahin Məmmədov kimilər bu deyilənləri eşitməzlikdən gəlir, sözləri qulaqardına vururlar. O zaman belə çıxır ki, məmurların gönü qalındır?! Eşitdiklərimə əsasən deyə bilərəm ki, Masallı rayonu da Şahin Məmmədovun rəhbərliyi altında rüşvət və korrupsiya yuvasına çevrilib.

Deyək ki, Şahin Məmmədov icra hakimiyyətinin başçısı kimi rüşvətxordur, dövlət vəsaitlərini mənimsəyəndir. Rayonun vəzifəli şəxsləri onun qulbeçələridir. Onun hətta səhv sözünə hamı "amin" deyir və.s Bəs rayonun iki deputatı da var axı. Bu qədər problemlər varkən, onlar hardadır, niyə susurlar? Deputatlar nə işlə məşğuldurlar? Niyə ağızlarına su alıb oturublar? Onların fəaliyyəti niyə görünmür? Yoxsa, deputatlar da icra başçısından qorxurlar?! Son bir ildə deputatların əsas fəaliyyəti şəhid qəbirlərinin kölgəsində baş girləməkdən ibarət olub. Rayonda iş adamlarından və deputatlardan formalaşmış bir qrup var ki, onlar Şahin Məmmədovun cinayət xarakterli əməl və hərəkətlərini xeyirxahlıq nümunəsi kimi təbliğ etdirirlər."

Cavid Şirəliyev həmçinin Prezident İlham Əliyevə yazır ki, Şahin Məmmədov gah Sizin dostunuz və sinif yoldaşınız olduğunu deyir, gah da özünü Zeynal Nağdəliyevin "kadr"ı kimi təqdim edir. Bunun çörəyi daşdan çıxan sıravi vətəndaşa aidiyyatı varmı?! Ac-yalavac ailələr Şahin Məmmədovun mənasız sözləri ilə qidalanmalıdırlar? Digər tərəfdən, bəlkə də o, rayonda baş verə biləcək narazılığın qarşısını almaq üçün belə bir ifadəni cəmiyyətə ötürür?! "Kurtlar Vadisi Pusu" serialındakı bir epizod ibrətamizdir. Serialın baş qəhrəmanı Polat Alemdarın Turan Kaçgarla dialoqunda dediyi "bi almanlarla gəziyosun, bi amerikalılarla, bi israillilerle... Sənin baban kim?" ifadəsini Şahin Məmmədova da aid etmək olar. Bizim üçün də çox maraqlıdır, Şahin Məmmədov kimin adamıdır, onun "babası" kimdir? Buna "dur, biraz ağıllı ol, özünü toparla" deyən tapılacaqmı? Bir də Şahin Məmmədovun kimin adamı olmasının nə önəmi var axı? Əsas məsələ budur ki, Şahin Məmmədov və onun kimilər vəzifə borclarını ləyaqətlə icra etsinlər.

Cavid Şirəliyev yazır ki, cənab Prezident, mən, bu müraciətin hərtərəfli və obyektiv araşdırşlacağına tam şübhə ilə yanaşıram. Çünki, bütün rəhbər şəxslərin olduğu kimi Şahin Məmmədovun da Prezident Adminstrasiyasındakı "krişa"ları dərhal müraciəti ya gizlədəcəklər, ya da onu baxılması üçün Masallı rayin İcra Hakimiyyətinin aparatına göndərəcəklər. Elə buna görə də Şahin Məmmədovun və digər iribuynuzlu məmurların əməl və hərəkətlərindən doğru-dürüst məlumatınız yoxdur. Şahin Məmmədov toxunulmaz olduğunu, hər nə olursa olsun, kimsə ona "gözün üstə qaşın var" deməyəcəyini düşünüb, rayonda özbaşınalıqlar, haqsızlıqlar və qanunsuzluqlar edir. Jurnalist kimi peşə borcumdur ki, gördüklərimi və bildiklərimi yazım.

Şahin Məmmədovun qanunsuz əməl və hərəkətləri barədə müraciətlərim davamlı olacaq. Yuxarıda qeyd etdiyim kimi, ola bilər ki, onu himayə edənlər müraciətlərin qarşısını alsınlar. Bu mümkün haldır. Ancaq mən yenə də müraciətlərin bilavasitə Sizə çatması üçün bütün güc və imkanlarımı səfərbər edəcəm. Belə olan halda bütün məsuliyyət Przident Adminstrasiyasında vətəndaşların ərizə və şikayətlərinə məsul olan şəxslərin üzərinə düşəcək.

Şahin Məmmədovla və onun kimi talançı məmurlara bağlı şikayətlərin araşdırılması, həmçinin onların barəsində hüquqi tədbirlərin həyata keçirilməsi artıq zərurətə çevrilib"-deyə jurnalist Cavid Şirəliyev bildirib.