NİDA üzvü Elmir Abbasov 30 sutka həbs edilib
NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasovun inzibati qaydada həbs edildiyi bildirilir.7gun.org xəbər verir ki, bu barədə Turana vəkil Zibeyda Sadıqova məlumat verib.
Vəkilin sözlərinə görə, E.Abbasov İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə həbs olunub. "Mənə bu məlumatı Polis İdarəsindən təsdiqlədilər. O, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunub. Hazırda E.Abbasov Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılır".
NİDA Vətəndaş Hərəkatından Turana bildirilib ki, E.Abbasov bir neçə gün əvvəl yoxa çıxıb. "Bu gün isə onun dostu yazıb ki, ona Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı kimi özünü təqdim edən şəxs zəng vurub bildirib ki, Elmir həbs olunub".
Hərəkatdan qeyd ediblər ki, E.Abbasov sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid edirdi. "Onun həbs səbəbi məhz budur".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.