Qazi Mehman Əsgərov: “"Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir dəfə belə olsa, mənimlə maraqlanmayıb"
Vətən müharibəsi qazisi Göyçay şəhəri Səyyaf Xəlilov küçəsi ev 36 sakini Əsgərov Mehman Mahir oğlu Göyçay rayon İcra Hakimiyyətindən şikayətçidir.Belə ki, Göyçay rayon icra başçısı artıq dəfələrlə qazilərin, şəhid ailələrinin problemlərini dinləmir, onlara laqeyd yanaşır.
7gun.org-ın məlumatına görə qazi Əsgərov Mehman Cebhe.info-ya şikayətində bildirib ki, Vətən müharibəsi başlayanda könüllü olaraq “N” saylı hərbi hissədə xidmət edib:
“Mən Göyçay rayon sakini 1995-ci il təvəllüdlü Əsgərov Mehman Mahir oğlu 29 sentyabr 2020-ci il tarixdə könüllü olaraq Vətənimin azadlığı uğrunda gedən döyüşlərə qatılmışam. “N” saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdim. Döyüşərək düşmənin işğal etdiyi əraziləri azad etdikcə, daha da yüksək əhval-ruhiyyədə olurduq. Düşmən tərəfindən atılan artilleriya zərbəsilə ağır yaralandım. Diaqnozum açıq kəllə-beyin travmasıdır.
Sağtərəfli alın sümüyünün içəriyə basılmış qəlpəli sınığı, baş beyin əzilməsi, subaraxnoidal qansızma, sağtərəfli alın nahiyəsinin epidural hematoması. Sağ ağciyərin əzilməsi və intraparenxematoz yad cismi (qəlpə), sağtərəfli hemotaraks, sağtərəfli hematomanın və sümük qəlpələrinin xaric edilməsi cərrahi əməliyyatından sonrakı vəziyyət. 2020-ci ilin dekabr ayında təxris olunmuşam. Həqiqətən də istər döyüşlər zamanı, istərsə də xəstəxana və hospitallarda xüsusi qayğı görmüşəm".
Qazimiz Əsgərov Mehman bildirib ki, xəstəxanada qayğı görsə də, təəssüflər olsun ki,yaşadığı Göyçay rayonunda vəziyyətin tam əksilə qarşılaşıb:
"Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir dəfə belə olsa, mənimlə maraqlanmayıb. Məni sayıb ziyarətə gəlməyəcəklərini anladım və özüm xəstə halda birtəhər yatağımdan qalxıb İcra Hakimiyyətinə getdim. İcra başçısı Mehdi Səlimzadə məni qəbul etmədi, köməkçisi vasitəsilə ona xahişimi çatdırdım. Bildirdim ki, ailəmizin maddi durumu çox aşağı səviyyədədir. Mənim fiziki əmək qabiliyyətim yoxdur. Hazırda heç bir sosial müavinət və ya pensiya almırıq. Şəhərin mərkəzində təxminən 15 kv metr boş yer görmüşəm. Həmin əraz isə qeyri-yaşayış obiyektinin tikintisinə başlamağım üçün mənə də həmin yerdən 15 kvm yer satılmasını və ya ayrılmasını xahiş edirəm.
İcra başçısı köməkçisi vasitəsilə cavab göndərdi ki, bu mümkün deyil. Müxtəlif bəhanələr gətirildi ki, həmin ərazi bizə aid deyil, buna rayonun memarı baxır. Beləcə, mənə rədd cavabı verdilər.
İcra başçısı Mehdi Səlimzadənin bu cavabı tam yalandır. Çünki rayonda yerlər külli miqdarda pul alınaraq satılır. Göyçayda şəhər və kənd bələdiyyələri Mehdi Səlimzadənin razılığı olmadan bir qarış yeri sata bilməz. Göyçay şəhərində çoxmənzilli yaşayış binalarının, xeyir-şər evinin yerini, yolu, yaşıllığı maqazin tikintisi üçün müxtəlif adamlara satılıb, hətta yeri satmaq üçün yaşıllıqlar məhv edilib.
Mən Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün gedən döyüşlərə qatıldığım zaman düşünmürdüm ki, bir gün möhtac olacağam və gəlib Mehdi Səlimzadəyə ağız açacağam. Döyüşlərdən gəlmişəm deyə heç kimə minnət etmirəm.
Prezidentin "Şəhid ailələrinə, qazilərimizə sahib çıxmalıyıq" sözünü rəhbər tutaraq bildirmək istəyirəm ki, yaşadığım Göyçay rayonunda icra başçısı tərəfindən bu sözlər yerinə yetirilmir. Tanıdığım bir çox şəhid ailəsi, qazi və veteranlar var ki, Mehdi Səlimzadə onlardan xəbərsizdir. Bu adam ancaq kapital toplamaqla məşğuldur, gözü isə heç vaxt doymur. Mehdi Səlimzadə yaramaz fəaliyyətilə Göyçay rayonunda ciddi narazılıq yaradıb. Buna görədə ən çox şikayət olunan rayonlar sırasında Göyçay birincidir".