11 min manatı Şəhidlər xiyabanına xərcləyən şəhid atası: “İcra başçısı bir dəfə də maraqlanmadı ki…”


7gun.org xəbər verir ki, Göyçay rayonu Çərəkə kənd sakini, şəhid atası Şirinov Bağır Eldar oğlu Rayon İcra Hakimiyyətindən şikayətçidir.

Şəhid atası bildirib ki, oğlunun dəfn edildiyi Şəhidlər Xiyabanında özü abadlıq işləri aparsa da, rayon icra başçısı buna laqeyd yanaşır.

“Oğlum Eldar Bağırov Vətən müharibəsində 6 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə polkovnik-leytenant Orxan Əkbərov, Elnur adlı mayor, gizir Sübhan Abduraxmanov, Şakir adlı MAXE, gizir Hüseyn Qasımov və mənim oğlum Eldar ermənilərlə bir neçə saat döyüşüb mühasirəni yararaq özləri şəhid olmaqla 70-dən çox hərbçimizin həyatını xilas ediblər. Eldar ailənin tək oğlu idi”,– deyə şəhid atası Cebhe.info-ya göndərdiyi məktubunda bildirib.

O qeyd edib ki, oğlunun dəfn edildiyi Çərəkə kənd Şəhidlər xiyabanı çox baxımsız vəziyyətdə olub:

“Aldığımız 11000 manat sığorta pulunu Şəhidlər xiyabanının abadlaşdılmasına xərcləmişəm. Oraya işıq dirəyi qoyub böyük projektorlu işıq çəkdirmişəm, 32 metr hündürlüyündə bayraq dirəyi quraşdırmışam, şəhidlər üçün lövhə yerləşdirmişəm, ancaq rənglənib təmir edilməlidir. Kol-kos basmış parkı təmizlətdirib ağaclarını budayıb ağartmışam”.

Şəhid atası qeyd edb ki, hazırda arzusu orada Şəhidlər bulağı inşa etdirməkdir: “Ancaq Göyçay rayonunun icra başçısı Mehdi Səlimzadə bir dəfə də olsun şəhid ailəsi ilə, Şəhidlər Xiyabanı ilə maraqlanmayıb. Heç bir kömək göstərilməyib. Onun bu laqeyidliyi mənə çox pis təsir göstərir. Eşitmişəm ki, digər yerlərdə şəhidlərin məzarının düzəldilməsi üçün icra hakimiyyəti tərəfindən 1500 manat ayrılır, ancaq Göyçayda 500 manat pul verildi. Mən şəhid oğlumun məzarının düzəldilməsinə 1900 manat xərcləmişəm. İcra başçısı Çərəkə kənd Şəhidlər xiyabanına su çəkilməsinə nə razılıq verir, nə də kömək göstərir. Hələ də Şəhidlər xiyabanının girişi və yan tərəfi çox bərbad vəziyyətdədir”.

Şəhid atası bildirib ki, oğlu əsgər olsa da, 5 zabitlə birlikdə bir neçə saat erməni hərbçiləri ilə vuruşub: “Mühasirədə olan 70 nəfərdən çox əsgərimizi xilas etməklə özləri qəhrəmancasına şəhid olublar.Bunu sağ qalmış hərbçilər mənə danışanda, qürur duyuram, fəxr edirəm ki, belə bir qəhrəman oğlun atasıyam. Ancaq ona pis oluram ki, icra başçısı Mehdi Səlimzadə bir dəfə də olsun şəhid ailəsi və Şəhidlər xiyabanı ilə maraqlanmayıb”.

”7GÜN XƏBƏR” qəzetini sosial şəbəkələrdə izləyin, bəyənin və abunə olun:

1. Facebook

2. İnstagram

3. YouTube